Kəngərli kəndinə gələrkən istər-istəməz ürəyimdən bu mahnının sözləri keçir:
Bura Vətəndir,
Gülü bitəndir.
Əlim çatandır,
Ünüm yetəndir.
Kəndin küçələrində gəzərkən 30 ildən sonra doğma yurda qayıtmış insanların sevincini, həyatın öz axarı ilə davam etdiyini görür və qürur hissi keçiririk. Müasir evlərin tikildiyi, infrastrukturun yaradıldığı kənddə torpaq da yenidən canlanıb. Digər sakinlər kimi Ağayevlər ailəsi də illərdir həsrətində olduqları torpaqda gül-çiçək bitirir.
Ailənin başçısı Azər Ağayev bizi salamlayaraq həyətində əkdiyi ağacları və gülləri göstərir: “Torpağın qədrini bilmək lazımdır. Bu torpaqların həsrətini çox çəkmişik. 12 sot həyətyanı sahəmiz var. Bibər, pomidor, xiyar, nanə, reyhan və digər tərəvəzlər, eləcə də meyvə ağacları əkmişik. Doğma torpağı əkib-becərmək, bitkilərə qulluq etmək insana zövq verir”.
Azər müəllim kənddə yaradılan şəraitdən razılıq edərək bizi evə dəvət edir. O, illərdir Ağdam rayonu 51 saylı məktəbdə hərbi rəhbər kimi fəaliyyət göstərib. İndi isə doğma Kəngərli kəndindəki məktəbdə işini davam etdirəcəyini deyir: “Bu ilin may ayında Böyük Qayıdış çərçivəsində kəndimizə köçdük. Bütün ömrüm boyu dədə-baba yurduma qayıtmaq arzusu ilə yaşamışam. Dövlət kəndimizdə gözəl evlər tikib, müasir infrastruktur yaradıb. Məktəbdə işlə də təmin olunmuşuq. Mən hərbi rəhbər, həyat yoldaşım isə sinif müəllimidir. Sentyabrda böyük ruh yüksəkliyi ilə işə başlayacaq, kəndimizdə gələcəyimizi yenidən quracağıq”.
Ailənin xanımı Vüsalə xanım isə bu torpaqlarda müəllim kimi çalışacağı üçün xüsusi qürur hissi duyur: “Qürur duyuram ki, uğrunda şəhidlər verdiyimiz torpaqlara qayıtmışıq və bu gün burada həyat canlanır. Kəngərlidə müəllim kimi fəaliyyət göstərəcəyim və övladlarımıza təhsil verəcəyim üçün çox xoşbəxtəm”.
Onların övladı Ayxan isə Xankəndidə yerləşən Qarabağ Universitetində təhsil alır: “Ali məktəbə qəbul olmağı qarşıma məqsəd qoymuşdum və buna nail oldum. Qarabağ Universitetində oxumaq və ata yurdum Kəngərlidə yaşamaq mənim üçün böyük qürur və sevinclə doludur. Bir qarabağlı kimi Vətənimə təhsilimlə xidmət etmək istəyirəm”, - deyə o bildirir.
Ağayevlər ailəsindən və Kəngərli kəndindən yüksək təəssüratlarla ayrılırıq. İllərin yurd həsrətindən sonra doğma torpaqlara qayıdan insanların böyük inam və həvəslə gələcəklərini qurması hər birimizdə fərəh hissi yaradır. Onların qayıdışı, sadəcə, məskunlaşma deyil, yeni həyatın, milli ruhun, mədəni yaddaşın və təhsil ənənəsinin yenidən doğuluşudur. (AZƏRTAC)