16.04.2025, 14:14
AZ EN
07.01.2025, 09:00 279

Ballıca kəndi sakinlərinin 32 ildən sonra bitən həsrəti

QARABAĞ
  • Afina nənə kənddən çıxanda həyat yoldaşı dağlarda döyüşlərdə olub. Ermənilər onun evinin çırağını söndürəndə azyaşlı balaları ilə köçkün həyatı yaşayıb. Sonradan bir oğlunu da şəhid verib. Uzun illərdən sonra ilk dəfə  bu  bayram onun yaralarına məlhəm olur. Anası ilə birgə doğma yurduna Xocalının Ballıca kəndinə ilk gələnlərdən biri də Kənandır. O kənddən çıxanda 11 yaşı olub. İndi isə 43 yaşında övladları ilə  birgə doğma el-obasına qayıdıb.

Hümbətovlar ailəsinin kiçik oğlu Kənan bildirir ki, uşaqlığımız, gəncliyimiz hamısı məcburi köçkün həyatında keçdi. Üç oğlum var. Böyük oğlum ali təhsillidir və hal-hazırda hərbi xidmətdədir. Digər oğlum  FHN-də çalışır. Üçüncü oğlum isə Mingəçevirdə təhsil alır. Şükür bu günə ki, Vətənimizdəyik.

Bayramı doğma yurdlarında qeyd edən Hümbətovlar ailəsi illərdir ki, doğma torpaqlarına dönəcəyi günü səbirsizliklə gözləyirdilər. 32 ildən çoxdur ki, köçkün həyatı yaşayan bu ailə bir neçə gündür ki, öz doğma el-obasına yığışıb.

Bir neçə gündür  burdayıq və elə bilirəm ki, dünyaya yenidən gəlmişəm. 32 il əvvələ qayıtmışam deyən Hümbətovlar ailəsinin digər oğlu isə müsahibəsində bildirir ki, mənim Qarabağdan çıxanda 16 yaşım var idi. Amma indi ailəmizlə birgə azad Qarabağımıza gəlmişik. Gözəl hisslərdir, qeyri-adi hisslərdir. Təbii ki, bütün Vətən həsrəti çəkənlərə arzu edirəm ki, onlara da doğma yurd-yuvalarına qayıtmaq qismət olsun.

Hümbətovlar ailəsi kəndə qayıdan 48 ailədən biridir. Onlar əmindirlər ki, qısa zamandan sonra bütün həmkəndlilər də gələcək və Ballıca kəndi yenidən çal-çağırla, səs-küylə bayram günlərini yaşayacaq.

Günel QULİYEVA

Oxşar xəbərlər