20.10.2024, 02:38
AZ EN
13.09.2024, 14:08 221

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin kitabxanasına DİM-in nəşrləri təqdim edilib

QARABAĞ
  • Sentyabrın 13-də Dövlət İmtahan Mərkəzi (DİM) Şuşa şəhər 1 nömrəli tam orta məktəbin kitabxanasına şagird və müəllimlərin istifadəsi üçün müxtəlif nəşrlərini təqdim edib.

Nəşrlər sırasına DİM-in Azərbaycan dili, riyaziyyat, ingilis dili, ədəbiyyat, biologiya, tarix, ümumi tarix, fizika, kimya və coğrafiya fənləri üzrə yeni təhsil proqramlarına (kurikulum) uyğun qiymətləndirmə tapşırıqları kitabları, həmçinin fənlər üzrə test topluları, qabiliyyət imtahanları ilə bağlı vəsaitlər, lüğətlər, eləcə də “Abituriyent” jurnalının müxtəlif nömrələri daxildir.

Qeyd edək ki, ümumilikdə 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binalar da var. Məktəbin şagirdləri ən qabaqcıl standartlara uyğun təhsil alacaqlar.

Xatırladaq ki, DİM-in vəsaitlərindən şagirdlər, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, eləcə də müəllimlər faydalana bilərlər. Bu vəsaitlər ümumtəhsil məktəbləri üçün qüvvədə olan fənlər üzrə tədris proqramları və dərsliklər əsasında hazırlanmış DİM-in qəbul proqramlarına tam uyğundur.

“Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” vəsaitlərindən istifadə etməklə məktəblilərin təlim nailiyyətlərinin qiymətləndirilməsi həyata keçirilə, eləcə də həm diaqnostik, həm formativ, həm də summativ qiymətləndirmədə istifadə oluna bilər. (AZƏRTAC)

Oxşar xəbərlər