09.06.2025, 17:57
AZ EN
11.10.2023, 21:05 383

“Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiya Azərbaycandakı mina problemlərinin həlli üçün vacibdir

QARABAĞ
  • Azərbaycandakı mina və partlamamış hərbi sursatların yaratdığı problemləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün, xüsusilə də bu il sentyabrın 19-20-də aparılan son bir günlük antiterror tədbirlərindən sonra yaranmış yeni mənzərədə əldə olunmuş məlumat burada təxminən yarım milyona qədər əlavə minanın İkinci Qarabağ müharibəsindən sonra 480 kilometrlik məsafədə basdırıldığını göstərir.

Bunu açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəallarının “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başlamasına münasibət bildirərkən deyib.

İctimai Birliyin sədri bildirib ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının basdırdıqları bütün bu mina mənzərəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və Azərbaycandakı bu sahədəki problemlərin həllinə diqqəti yönəltmək məqsədilə xarici qeyri-hökumət təşkilatları arasında petisiya açılıb. Petisiya “Jotform” beynəlxalq platformasında “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub. Bu petisiyada iştirak etməklə və onu imzalamaqla həmin təşkilatlar Azərbaycandakı mina problemləri ilə məlumatlı olduqlarını bir daha göstərirlər.

“Rəhbərlik etdiyim təşkilat da kampaniyada aktiv iştirak edir. Biz də həmin petisiyanı əməkdaşlıq etdiyimiz xarici ölkələrdəki QHT-lərə və beynəlxalq təşkilatların rəhbərlərinə göndərmişik. İki gündür ki, bu məsələ ilə məşğuluq. Əlavə suallar cavablandırılır, başqa məlumatlar istəniləndə, onları həmin bilgilərlə təmin edir və artıq müsbət cavablar da alırıq.

Bir neçə təşkilat petisiyaya qoşulduğunu bildirib. Eyni zamanda bildiriblər ki, özləri yaşadıqları ölkələrdə və digər sosial şəbəkələrdə həmin məlumatları başqa əcnəbi QHT-ləri də bu kampaniyaya qoşula bilməsi üçün yayacaqlar. Başqa ölkələrdəki tanıdığımız təşkilatlara həmin bu kampaniyaya qoşulma ilə bağlı müraciəti göndərmişik. İndi onlardan əlavə məlumat istəyən və müraciət edən qurumlar olur. Onlar kampaniyaya qoşulmaq istəyirlər. Bu petisiya Azərbaycandakı mina problemlərinin həll olunması üçün çox vacibdir. Artıq müxtəlif ölkələrdə olan iki təşkilatdan dəqiq cavab almışıq ki, onlar qoşulurlar və söz veriblər ki, özlərinin mövcud olduqları sosial şəbəkələrdə həmin müraciəti yayacaqlar”, - deyə Hafiz Səfixanov vurğulayıb.

Hafiz Səfixanov xatırladıb ki, petisiyada minalar və partlamamış hərbi sursatların mülki əhalinin sağlamlığı, həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaratdığı, münaqişələr başa çatdıqdan sonra da minaların insanları öldürməyə və şikəst etməyə davam etdiyi vurğulanır. Diqqətə çatdırılıb ki, minalar ömürlük əlilliyə səbəb olur, ailələrin faciəsinə çevrilir. Kampaniya BMT-yə üz tutaraq bəyan edir ki, dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır. Azərbaycan da dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindəndir. Müraciətdə müxtəlif ölkələrlə yanaşı, Azərbaycana da geniş yer ayrılıb. Bildirilir ki, Azərbaycan mina problemindən xeyli əziyyət çəkir. Son 30 ildə Azərbaycanda 3400-dən çox insan mina qurbanı olub. Kampaniya müəllifləri bəyan edirlər ki, Ermənistan Azərbaycan ərazilərini minalayıb, üç il əvvəl 44 günlük müharibədən sonra da bu proses dayanmayıb. Azərbaycan yalnız Laçın yolunda sərhəd-keçid məntəqəsi qurduqdan sonra vəziyyət nəzarətə götürülüb.

Qeyd edək ki, müəlliflər Ermənistanın yeni basdırılmış minaların da xəritələrini dərhal Azərbaycan dövlətinə təhvil verməsini tələb edirlər. Xarici QHT, vətəndaş cəmiyyəti fəalları Prezident İlham Əliyevin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi təşəbbüsünü alqışlayıblar. Onlar BMT-yə qlobal mina probleminə diqqəti artırmağı çağırış ediblər. Yeni elan edilməsinə baxmayaraq, müraciət ciddi rezonans doğurub. Artıq 10-a yaxın ölkədən 100-dən çox vətəndaş cəmiyyəti fəalı minalara qarşı qlobal səfərbərlik kampaniyasına qoşulub və bu problemin qlobal həllinə dəstək göstəriblər. (AZERTAC)

Oxşar xəbərlər