03.05.2025, 09:07
AZ EN
08.08.2023, 11:10 445

Sülhməramlılar Xankəndidəki separatçıları məyus edib

QARABAĞ
  • Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının Qarabağdakı separatçıların təxribatçı aksiyasını müşayiət etmək barədə müraciətinə “YOX!” deməsi erməniləri xəyal qırıqlığına uğradıb. Belə ki, Rusiya sülhməramlılarının komandanlığı Ermənistanla sərhəddə - Həkəri çayı üzərindəki körpüyə bitişik ərazidə qurulan “Laçın” sərhəd buraxılış məntəqəsinə yürüş etməyə hazırlaşan ermənilərin məktubuna mənfi cavab verməsi onları növbəti dəfə məyus edib.

“Vətən səsi” xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. “Hraparak” nəşrinin yaydığı məlumata görə, separatçı-revanşistlərin əsas nümayəndələrindən olan Artur Osipyan ötən axşam “Facebook” üzərindən canlı yayım açaraq Rusiya sülhməramlılarına ünvanladıqları məktuba mənfi cavaba görə sərt reaksiya verib. Xankəndidə “Artsax inqilab partiyası” adlandırılan qondarma təşkilatın sədri Artur Osipyan Rusiya sülhməramlılarını üzərinə götüerdüyü öhdəlikləri yerinə yetirə bilməməkdə, hərbi kontingentin komandanlığını isə ikiüzlülükdə qınayıb. O qeyd edib ki,  Rusiya sülhməramlılarının komandanlığı aksiyanın təşkilatçılarına göndərdiyi rəsmi cavab məktubunda Qarabağda yaşayan etnik ermənilərin etimadını sarsıdıb.

“Biz rusiyalı sülhməramlılara müraciət etdik ki, Həkəri körpüsünə dinc avto-yürüş zamanı təhlükəsizliyimizi təmin etsinlər. Amma çox absurd cavab aldıq, Rusiya sülhməramlı kontingentinin komandanlığı hesab edir ki, 2020-ci il 10 noyabr tarixli razılaşmada yürüş və mintinqlərlə bağlı heç bir müddəa yoxdur. İndi ruslar izah etsinlər ki, bir maşınla Laçın dəhlizindən dinc yolla keçən 10 maşının nə fərqi var? Bu, açıq-aşkar onların öz öhdəliklərindən geri çəkilməsi deməkdir. Görürük ki, ruslar öz öhdəliklərindən əl çəkirlər. Hətta rusların Azərbaycanla birlikdə bizi blokadaya alması ilə bağlı şübhələr var. İndi məlum olur ki, onlar sülhməramlı yox, işğalçı qoşunlarıdır”, - deyə Osipyan bildirib.

Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan bir qrup erməni guya, Laçın yolunda yaradılmış “blokada”nı aradan qaldırmaq məqsədilə əhalini Xankəndinin mərkəzi meydanında oturaq aksiyaya qoşulmağa çağırıb. Etiraz aksiyasının əsas təşkilatçıları separatçı rejimin qondarma “dövlət naziri” Qurgen Nersisyan və qondarma “Artsax inqilab partiyası”nın sədri Artur Osipyandır. Son vaxtlar separatçı dəstənin ən fəal üzvləri rolunda çıxış edən hər iki şəxs Azərbaycana qarşı təxribatçı hərəkətlərin, mintinq və aksiyaların əsas təşkilatçılarıdır. Artur Osipyan hətta bir qədər də qabağa gedərək Qarabağda yaşayan erməniləri Xankəndidəki separatçı rejimin rəhbərliyinə etimad etmədiklərini bəyan edir, əhalini Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdə yerləşən nəzarət-buraxılış məntəqəsinə yürüş etməyə çağırıb. Avqustun 6-da Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-polkovnik Aleksandr Lentsova ünvanlanmış məktubu Xocalıdakı qərargaha çatdıran da məhz Artur Osipyan olub. O, bölgədə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarını təxribata çəkmək, Bakı və Moskvanı bir-birindən narazı salmaq üçün yeni planlar qurduğunu da gizlətməyib. Məhz bundan sonra Xankəndinin mərkəzi meydanında oturaq aksiyası keçirməyə qərar verilib. İndi isə Rusiya sülhməramlılarının cavab məktubuna qəzəbli reaksiya verib.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin Qarabağ separatçılarının “Laçın” sərhəd buraxılış məntəqəsinə planlaşdırılan etiraz yürüşünü müşayiət etmək barədə müraciətinə cavabında bildirilir: “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobilləri müşayiət etməsi, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyini təmin etməsi nəzərdə tutulmayıb”.

Elxan SALAHOV

Oxşar xəbərlər