Belə ki, ölkəmizlə razılaşdırılmadan heç bir yükün suveren ərazilərimizə keçirilməsinə icazə verməcəyini, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağa malların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə oluna biləcəyini Azərbaycanın dəfələrlə bəyan etməsinə baxmayaraq, ermənilərin “Laçın” dövlət sərhədindəki buraxılış məntəqəsindən istifadə etməkdə israrlı olması onların ictimai rəyi çaşdırmaq üçün növbəti cəhdidir. “Humanitar yardım” gətirilməsi adı ilə bu ölkədən yük daşıyan avtomobil karvanı “Laçın” dövlət sərhədindəki buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində dayanıb. Ermənistanın və onun havadarlarının məqsədi Azərbaycanı guya “ikinci erməni soyqırımı” törətməkdə ittiham etmək, belə obraz formalaşdırmaq, etnik təmizləmə törədən ermənifobiyanın olduğu ölkə kimi dünyaya təqdim etməkdir. Bu mənada Prezident İlham Əliyevin Şuşada “Euronews” televiziyasına verdiyi müsahibəsi ona görə əhəmiyyətlidir. Çünki bütün təzyiqlərə baxmayaraq, müxbir ölkəmizə gəldi və hər iki tərəfin mövqeyini öyrəndi. Bu da nadir hadisələrdən biri sayıla bilər. Avropa informasiya məkanını nəzərə alsaq, biz dünyada ermənilərin anti-Azərbaycan ideologiyasının artıq iflasa uğradığını müşahidə edirik.
Bu fikirləri açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.
Ədalət Verdiyevin sözlərinə görə, əgər Azərbaycan öz sərhədlərini və ərazi bütövlüyünü təmin edirsə, qonşu və 30 illik işğal tarixinə malik Ermənistanın Azərbaycan ərazisinə daxil olmaq üçün marşrutunu özü seçməsi absurddur: “Bu, tamamilə sağlam məntiqə ziddir. Ermənilər Laçına sərhəd-buraxılış məntəqəsindən buraxılmayacaqlarını əvvəlcədən bilirdilər. Buna baxmayaraq, “Laçın” sərhəd-buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində təxribatlarını davam etdirirlər. Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhaliyə Azərbaycan tərəfi ilə razılaşdırılmadan “humanitar yük” daşıyan avtomobil karvanı iyulun 26-dan etibarən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfindəki aşırımda dayanıb. Ermənistanın sərhəddə yol verdiyi əməllər birbaşa manipulyasiya və təxribat xarakteri daşıyır. Həmin avtomobillərdə xarab olmayan materiallar gətirilir. Avqustun 2-də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərəkət etmək istəyən daha iki yük avtomobili digərlərinin dayandığı əraziyə gəlib. Bununla da avtomobil karvanındakı nəqliyyat vasitələrinin sayı 21-ə çatıb. Əgər Qarabağdakı separatçı rejim gələcəkdə həmin əraziyə digər yük avtomobilləri tapıb yönləndirsə belə bu, heç bir nəticə verməyəcək”.
Hərbi ekspert bildirib ki, Ermənistanın bütün təxribatçı səyləri müəyyən nəticələrə hesablanıb və bölgədə gərginliyi artırmağa çalışdığını bir daha göstərir. Bu, eyni zamanda, psixoloji təsirə hesablanmış addımlardır: “Avropanın bir neçə ölkəsinin və Ermənistan ərazisində maraqları olan digər dövlətlərin diplomatik nümayəndəliklərinin əməkdaşları, Avropa İttifaqı missiyasının rəhbər heyəti həmin ərazilərə gələrək sanki Azərbaycana qarşı bəyanat verməyə çalışırlar. Bu günədək Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan niyə humanitar yardım üçün təklif olunan marşrutla deyil, öz seçdiyi marşrutla getməyə israr edir? Axı, biz hansısa ölkəyə gedəndə sərhəd-buraxılış məntəqəsini özümüz seçmirik. Ümumilikdə, Azərbaycan beynəlxalq separatizmin, o cümlədən onlar arasında dünyada ən təhlükəli və vəhşi xarakterə malik olan erməni terrorizminin dayaqlarını öz ərazilərində tamamilə aradan qaldırmağa çalışan ölkədir. Həmin fəaliyyətlər də məhz Ali Baş Komandanın sayəsində həyata keçirilir. Bir qisim erməni separatçı tör-töküntülər isə xunta rejiminə və yaxuddakı Rusiya sülhməramlı missiyasına arxayın olaraq Azərbaycan ərazilərində qalırlar. Rusiya sülhməramlı missiyası oradan çıxandan sonra separatçılar da qalmayacaqlar. Yəni bu gün Qarabağda erməni terrorçularının qalıqlarının bizə qarşı fəaliyyətlərinə dəstək olan, yüklərin, təbii sərvətlərimizin, həmçinin silah-sursatların daşınmasında onlara zəmanət verən məhz Rusiya sülhməramlı kontingentidir. Laçında sərhəd-keçid məntəqəsinin qurulmasında əsas səbəb də məhz Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərimizə Hindistandan, İrandan və digər dövlətlərdən silah-sursat daşınmaları oldu”.
“Laçın” sərhəd-keçid məntəqəsində Vaqif Xaçaturyanın saxlanılması məsələsinə toxunan hərbi-ekspert erməni lobbisinin, Ermənistan və onun havadarlarının böyük səs-küy qaldırmağa cəhd etdiyini bildirərək fikirlərinə belə davam edib: “Bu məsələdə dövlətimizin atdığı addımlar qanunlara əsaslanır. Ermənilər V.Xaçaturyanın saxlanılması məsələsini humanitar hüquqlarla əlaqələndirməyə çalışırlar. Azərbaycana təzyiq göstərmək üçün guya “onların hərəkət etmək azadlığının bloklanması” kimi həmin məsələni İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə müzakirəyə çıxartmaq istəyirlər. Ermənistanın bu iddialarının da yalan olduğu hər məqamda özünü göstərir. Belə ki, aprelin 23-dən - sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən indiyədək Qarabağın 2 mindən çox sakini, o cümlədən xəstə insanlar Ermənistana asan şəkildə gedib-gəlib. Həmin xəstələri də Azərbaycan həkimləri yoxlayırlar. V.Xaçaturyan həbs olunan gün 680 nəfər xəstə adı ilə Qarabağdan Ermənistan istiqamətinə keçmək istəyirdi. Nəticədə ümumilikdə 2 min nəfərin arasında yalnız bir nəfər saxlanıldı. Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata görə, bu gün Qarabağda azərbaycanlılara qarşı cinayət törətmiş 500 nəfər yaşayır. Həmin şəxslər Laçındakı sərhəd-keçid məntəqəsinə gələcəkləri halda saxlanılaraq Bakıda qanun qarşısında cavab verəcəklər. Çünki biz onlara amnistiya təklifi vermişdik. Əgər bunu qəbul etmirlərsə, o zaman gəlib qanunlarımız qarşısında cavab versinlər”. (AZERTAC)