“Vətən səsi” xəbər verir ki, Xankəndindəki qondarma “Artsax İctimai Televiziyası”nda yayımlanan reportajda su abarının ekoloji fəlakətə düçar olduğu görünür. Təəccüblüdür ki, Qarabağdakı separatçı-terrorçu rejim yer üzündən silinmək təhlükəsi ilə üzləşən Sərsəng su anbarında vəziyyətin ekoloji fəlakət həddinə çatdırılmasının məsuliyyətini Azərbaycan hökumətini üzərinə atmağa çalışır. Belə ki, azərbaycanlı eko-fəallarının Laçın-Xankəndi yolunda başladığı və 138 gün (2022-ci il dekabrın 12-dən 2023-cü il aprelin 28-i saat 18:00-dək) davam edən davam edən aksiyadan bəri separatçılar mütəmadi olaraq su anbarının foto və video-görüntülərini yayaraq beynəlxalq aləmdə yanlış rəy yaratmağa səy göstərir.
Bundan əvvəl separatçı rejimin “dövlət naziri” Qurgen Nersisyan “Sərsəngdə su ehtiyatı kritik həddə çatıb. Anbarda cəmi 88 milyon kubmetr, yəni, ümumi tutumun təxminən 15 faizi qədər su qalıb”,- deyə bildirmişdi.
Xatırladaq ki, Azərbaycana məxsus Sərsəng su anbarı 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində yerləşir. Ümumi tutumu 560 milyon kubmetr olan su anbarı respublikamızda ən hündür bəndli su anbarlardan sayılır. Bu su anbarı Qarabağın işğalına qədər respublikanın 6 rayonunda (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. İşğaldan sonra Sərsəng su anbarına və onun qurğularına texniki xidmət göstərilmədiyi üçün faktiki olaraq iflic vəziyyətə düşüb.
Ötən il avqustun 22-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri Xankəndidəki separatçı rejimin nümayəndələrinin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirmişdi. Həmin vaxt su anbarındakı ekoloji durum və suyun həcmi indikindən qat-qat yaxşı olmuşdu.
Elxan SALAHOV