Fərmana əsasən, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilib.
“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq sahibkarlıq subyektlərinə verilən 500,0 (beş yüz) milyon manat kredit portfeli 450,0 (dörd yüz əlli) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin ediləcək.
Nəzərdə tutulan dövlət zəmanəti Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu arasında bağlanılan və Qaydaya Əlavə – “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında veriləcək.
Nazirlər Kabineti bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan “Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsini altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, eyni zamanda, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Maliyyə Nazirliyi “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin dövlət zəmanəti verilmiş, lakin icra edilməmiş borc öhdəliyini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirməli, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq faiz subsidiyasının verilməsi üçün tələb olunan vəsaitin 2023-cü ildə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etməli, habelə həmin vəsaitin növbəti illərin dövlət büdcəsində nəzərdə tutulması məqsədilə tədbirlər görməlidir.
İqtisadiyyat Nazirliyi “Elektron kredit və zəmanət” informasiya sisteminin yaradılmasını Azərbaycan Respublikasının 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələbləri nəzərə alınmaqla altı ay müddətində təmin etməli və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görməli, eyni zamanda, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün lazımi tədbirlər görməlidir.
Azərbaycan Biznesinin İnkişafı Fondu “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Azərbaycan Biznesinin İnkişafı Fondunun bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydadan irəli gələn səlahiyyətləri Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən həyata keçirilməlidir.
“Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”na aşağıdakı məzmunda 1.2-3-cü bənd əlavə edilib:
“1.2-3. Bu Qaydanın müddəaları işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin olunmasına şamil edilmir.”