22.11.2024, 14:59
AZ EN
08.04.2022, 15:00 587

Vətən müharibəsi qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi məsələsi həll edildi

XƏBƏRLƏR

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında” 8 aprel 2022-ci il tarixli Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdiriləcəkdir.

Mənzillərin özəlləşdirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti əsasında

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənzil ayrılmış şəxslərin siyahısını (hər bir şəxsə ayrılmış mənzilə dair məlumatlar dəqiq göstərilməklə) və mənzilin ayrılmasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etdiyi müvafiq təsdiqedici sənədin surəti nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi mənzillər üzərində mülkiyyət hüququnun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və mənzillər üzərində mülkiyyət hüququna dair çıxarışın və daşınmaz əmlaka dair texniki pasportun verilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, Fərmandan irəli gələn məsələləri həll etsin.

Oxşar xəbərlər