Dövlətimizin başçısına layihə barədə məlumat verildi.
Qeyd olundu ki, Şotlanlı kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Sakinlər buraya Qubadlı rayonunun Zilanlı kəndindən köç ediblər. Kənddə 606 ailə - 2542 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, ərzaq mağazası və üzüm bağları fəaliyyət göstərib.
Bildirildi ki, Şotlanlı və Umudlu kəndlərinin ərazilərini əhatə edəcək bu kəndin layihələndirilən ərazisi 197,4 hektardır. Buraya 3 min nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 750 ev tikiləcək. Birinci mərhələdə layihələndirilən ərazi 51 hektardan çoxdur və buraya 205 ailənin köçürülməsi planlaşdırılır. Tikiləcək 205 evin 41-i ikiotaqlı, 103-ü üçotaqlı, 51-i dördotaqlı və 10-u isə beşotaqlı olacaq. Burada 540 şagird yerlik məktəb binası, 90 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və kitabxana, qonaq evi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu yaradılacaq.
Prezident İlham Əliyev Şotlanlı kəndinin təməlini qoydu.