Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransının iclaslarında mütəmadi iştirak etməsindən və bu çərçivədə aparılan müzakirələrdən məmnunluğunu bildirdi.
Prezident İlham Əliyev bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransına səfəri çərçivəsində Azərbaycan ilə Münxen Təhlükəsizlik Konfransı arasında COP29-la əlaqədar əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi.
Söhbət zamanı COP29-un Azərbaycanda keçiriləcək sessiyası çərçivəsində Münxen Təhlükəsizlik Konfransının iqlim təhlükəsizliyi mövzusuna və sülh gündəliyinə həsr olunmuş ayrıca bir tədbirinin təşkilinə dair müzakirələr aparıldı.
Volfqanq İşinger Münxen Təhlükəsizlik Konfransı Fondunun il ərzində dünyanın müxtəlif bölgələrində də tədbirlər keçirdiyini deyərək, ölkəmizin bu tədbirlərdə təmsil olunması ilə əlaqədar dəvətini çatdırdı.
Söhbət zamanı regional sülh gündəliyi ilə bağlı müzakirələr aparıldı.
Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin təşəbbüskarı olduğunu və sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin məhz Azərbaycan tərəfindən təklif olunduğunu vurğuladı.
Görüşdə COP29-un sülh gündəliyinə xidmət edəcəyi qeyd olundu. Dövlətimizin başçısı bildirdi ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar əldə olunan razılaşmalar məhz sülh gündəliyi əsnasında meydana çıxan məqamlardır. Azərbaycan da bu xüsusda regionda COP29 kontekstində sülh gündəliyinin irəliyə aparılması üçün səylərini göstərəcək.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.