21.11.2024, 17:34
AZ EN
18.02.2022, 14:45 176

Bərpa işlərinin sürətindən və təbiətin gözəlliklərindən heyrətlənirlər

QARABAĞ

“Müharibə çox həssas mövzudur. İnsanlar din və ya etnik mənsubiyyət fərqinə görə müharibə etməməlidir”. Bunu “Report”a açıqlamasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan 21 ölkənin tanınmış səyyahlarından ibarət qrupun üzvü, macarıstanlı səyyah İldiko Szabo bildirib.

İ.Szabo Xocalı faciəsi haqqında məlumatlardan şoka düşdüyünü bildirib: “Xocalı hadisəsi insanda dəhşət doğurur. Onun haqqında eşitdikdə şoka düşmüşdüm”.

“Mənim üçün müharibə çox həssas mövzudur. İnsanların dinə, etnik mənşəyə görə bölünməsini anlamıram”, - səyyah bildirib.

Səfər haqqında təəssüratlarını bölüşən İ.Szabo həm gördüyü dağıntılardan, həm də bərpa işlərinin sürətindən heyrətləndiyini qeyd edib: “Bu ərazilərdə aparılan bərpa işləri adamı ilhamlandırır. Füzuli hava limanı cəmi 8 ay ərzində tikilib, yeni yolların tikintisi aktiv şəkildə davam etdirilir”.

"Kəlbəcər rayonunun təbiəti çox gözəldir, Kəlbəcər dağlarının görüntüsü adamı ovsunlayır". Bunu isə ispaniyalı səyyah Antonio Agilyar Ortin bildirib.

“Yaxın keçmişin hadisələrinin insanların həyatında necə əks olunduğunu, həmçinin işğalın fəsadlarını görmək çox kədərlidir. Biz həmçinin bu ərazilərlə bağlı gələcək planları, insanların bu barədə nə düşündüyünü öyrənməyə çalışırıq”, - səyyah səfər barədə təəssüratlarını bölüşərkən deyib.

Xatırladaq ki, fevralın 16-da tanınmış xarici səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə üç günlük səfəri başlayıb. Səfər zamanı onlar azad edilmiş ərazilərin tarixi-mədəni abidələri, ermənilərin işğal dövründə törətdikləri dağıntılar, həmçinin Azərbaycan hökumətinin bu regionun infrastrukturunun bərpası istiqamətində həyata keçirdiyi işlərlə tanış olurlar.

Səyyahlar fevralın 16-da Şuşa və Ağdamda, bu gün isə Kəlbəcər və Laçında olublar.

Oxşar xəbərlər