21.11.2024, 17:13
AZ EN
04.02.2022, 10:00 200

M.Hess: “Azərbaycan mədəniyyətinə verdiyi töhfəyə görə Şuşa Almaniyanın mədəniyyət beşiyi Vaymar ilə müqayisə edilə bilər”

QARABAĞ

Almaniyalı alim Mixael Raynhard Hessin TRT Deutsch–Türkiyə radio və televiziya kanalının Almaniya nümayəndəliyinin internet səhifəsində “Məclis – Azərbaycan mədəniyyətinin mərkəzi forumu“ məqaləsi alman dilində yayımlanıb.

Məqalədə Avropada erkən sənayeləşmə dövründə formalaşan “ədəbi salonlar”ın Şərq ölkələrindəki oxşarı olan “ədəbi məclislər” Şuşa şəhərinin timsalında təhlil edilir. Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafına verdiyi töhfələrə görə Şuşa Almaniyanın Vaymar mədəniyyət mərkəzi ilə müqayisə olunur.

M.Hess məqalədə, xüsusilə, Qarabağ xanlığının çar Rusiyasi tərəfindən istilasından sonra baş verən mədəni transformasiyanın təsirlərini Cəfərqulu xanın (1787-1866) yaradıcılığının nümunəsində izah edir. Qarabağ və Şuşa xanı İbrahim Xəlil xanın nəvəsi olan Cəfərqulu xan 1829-ci ildən Rusiyadan sürgündən qayıtdıqdan sonra Şuşada 30-40 nəfər yaradıcı şəxsin iştirakı ilə müntəzəm ədəbi məclislər keçirirdi. Sonrakı illərdə Xurşidbanu Natəvanın (1832-1897) “Məclisi-üns” (“Dostluq məclisi”) və Mir Möhsün Nəvvabın (1833-1918) “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) ədəbi məclislərinin timsalında Şuşa Azərbaycan ədəbiyyat tarixində məclis mədəniyyətinin əsas mərkəzi kimi təqdim edilir.

Məqalədə həmçinin Hannover Krallığından olan şair Fridrix Martin von Bodenştedtin (1819-1892) 1840-ci illərdə gəncəli şair Mirzə Şəfi Vazehin Tiflisdə təşkil etdiyi və “məclis”in sinonimi olan, ədəbiyyat dərnəyi “divan”a qatılması,  1851-ci ildə Almaniyaya qayıtdıqdan sonra isə Vazehin şerlərini nəşr etdirməsi təqdir edilir.

Alman alim həmçinin vurğulayır ki, bu mədəni-ədəbi məclislər Şuşa və ümumilikdə, Qarabağ diyarının Azərbaycan mədəniyyət və ədəbiyyat tarixində misilsiz əhəmiyyətə malik olduğunu bir daha isbatlayır. M.Hess yazır ki, bu araşdırmalardan bir daha aydın olur ki, “30 il davam edən işğal dövründə nəyə görə sistematik olaraq Şuşadan Azərbaycan irsini silmək məqsədilə onun təhrif edilərək dəyişdirilməsi üçün sağlam düşüncəyə sığmayan cəhdlər edilmişdir”.

M.Hess Almaniyanın Giesen Universitetində çalışır. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı 2016-cı ildə Berlində alman dilində nəşr edilən “Tanklar cənnətdə” və 2020- ci ildə Münxendə ingilis dilində nəşr edilən “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” adlı kitabların müəllifidir.

Oxşar xəbərlər