22.11.2024, 07:55
AZ EN
05.11.2022, 18:40 326

“Rebuild Karabakh 2022” sərgisindən əldə olunan gəlirin bir hissəsi Qarabağ Dirçəliş Fonduna ianə edilib

QARABAĞ
  • Oktyabrın 19-21-də Bakıda Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” “Rebuild Karabakh 2022” sərgisi keçirildi. İqtisadiyyatın müxtəlif sahələrindən yerli və xarici şirkətlərin sərgiyə olan marağı göstərir ki, Rebuild Karabakh sərgisi 2022-ci ildə Azərbaycanda sərgi sənayesinin əhəmiyyətli hadisələrindən birinə çevriləcək.

Qeyd edək ki, ölkəmizdə keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri “Rebuild Karabakh 2021” sərgisi çərçivəsində imzalanan Anlaşma Memorandumuna əsasən sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə etdi. Bu barədə “Caspian Event Organisers” şirkəti məlumat yayıb.

“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov bununla bağlı deyib: “Rebuild Karabakh” sərgisi bizim üçün böyük əhəmiyyət daşıyır. Çünki bu sərgi Qarabağın bərpası və yenidən qurulması ilə bağlı dövlət qurumlarını, yerli və xarici şirkətləri layihələrini və strategiyalarını təqdim etmək üçün bir araya gətirir. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il sərgi iştirakçılarına ünvanladığı məktub sərginin önəmini bir daha təsdiqləyir.

Keçən il olduğu kimi bu il də “Rebuild Karabakh”, o cümlədən BakuBuild iştirakçıları Qarabağ Dirçəliş Fondunu dəstəkləmək qərarımızı çox müsbət qarşıladılar. Artıq iki ildir ki, sərgidə iştirak edən hər bir şirkət bizə qoşularaq böyük bir işə öz töhfəsini verir. Fonda ediləcək ianə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı vəzifələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərə əlavə dəstək olacaq”.

İanə edilməsi qərarına münasibət bildirən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib: “İşğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işlərinin təşkili, sosial-iqtisadi rifahın yaxşılaşdırılması, Qarabağın dirçəlişi bu gün bütün Azərbaycan ictimaiyyəti və dövlət qurumlarının qarşısında duran mühüm vəzifələrdən biridir.

“Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri tərəfindən artıq ikinci ildir ki, təşkil olunan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” “Rebuild Karabakh 2022” sərgisinin Qarabağın bərpasına və inkişafına verdiyi töhfə olduqca böyükdür.

Qarabağ Dirçəliş Fondu ilə “Caspian Event Organisers” MMC arasında imzalanan əməkdaşlığa dair “Anlaşma Memorandumu” çərçivəsində hər iki qurum arasında artıq bir sıra layihələr, təşəbbüslər uğurla icra olunub. Ümid edirəm ki, əməkdaşlığımız bundan sonra da uğurla davam edəcək və Qarabağın bərpası ilə bağlı görülən işlərə öz töhfəsini verəcək.

Xüsusi vurğulamaq istəyirəm ki, Qarabağ Dirçəliş Fondu Qarabağın bərpasına həsr olunmuş və yüksək səviyyədə təşkil olunmuş hər iki sərgidə uğurla iştirak edib və ümid edirik ki, növbəti sərgilərdə də sözügedən sərginin iştirakçıları sırasında yer alacayıq.

Keçən sərgidə olduğu kimi builki sərgidən əldə olunan gəlirin bir qisminin işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edilməsi qərarını isə çox yüksək qiymətləndirir və öz təşəkkürümüzü bildiririk.

Hazırda dövlət başçısının göstərişlərinə uyğun olaraq azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bu prosesi sürətləndirmək, dövlətin üzərinə düşən yükü azaltmaq üçün belə təşəbbüslər olduqca mühümdür. Ermənistanın torpaqlarımızı işğal altında saxlaması nəticəsində ərazilərimizə dəyən zərərin miqyası həddindən artıq böyük olması bütün həmvətənlərimizin bu işdə iştirakı zəruri edir”.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR