“Vətən səsi” xəbər verir ki, Qarabağdakı dirçəlişin ölkə iqtisadiyyatına müsbət təsirləri ildən-ilə hiss olunacaq dərəcədə artır. Qarabağın iqtisadi dirçəlişində payı olan rayonlar arasında Xocalı da var. Düz 34 il əvvəl, 1992-ci ilin fevralında ermənilərin törətdiyi kütəvi qətliamdan sonra adı Azərbaycan xalqının qan yaddaşına heç vaxt unudulmayacaq səhifə kimi yazılmış Xocalı...
Rayonun Ballıca kəndində fəaliyyətə başlayan “Accurate Az” MMC-nin mebel istehsalı müəssisəsi regionun daxili tələbatını ödəməklə yanaşı, gələcəkdə ixrac potensialı ilə də diqqət çəkir. Fabrikin məhsulları dünya bazarında “'Made in Azerbaijan” brendi ilə öz mövqeyini tutacaq. Ümumilikdə 6 hektar ərazini əhatə edən geniş istehsal infrastrukturuna malik müəssisədə fəaliyyət göstərən 7 ixtisaslaşmış sexdə 4 əsas istiqamət (plastik, dəmir, süngər və taxta emalı) əsasında istehsal prosesi həyata keçirilir. Ofis mebelləri və mebel aksesuarlarının istehsalına fokuslanan müəssisə illik 250 min kreslo və 4 milyona yaxın aksesuar istehsal etmək gücündədir.
İxrac yönümlü məhsul strategiyasını əsas hədəf seçən “Accurate Az” MMC istehsal olunan malların 60 faizə qədərini xarici bazarlara yönəldiləcək. Artıq Sloveniya və Polşa bazarları Xocalıda istehsalı olunan məhsulları qəbul etməyə hazırdır. Həmçinin Rusiya, Qazaxıstan və Gürcüstanla da müvafiq müqavilələr imzalanıb.
Xatırladaq ki, Ballıca kəndində yenicə fəaliyyətə başlayan fabrikin rəsmi açılış mərasimi cəmi iki ay əvvəl, ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə keçirilib. Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunmuş müəssisədə il ərzində 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal olunacaq. Müəssisəsə hələ tam gücü ilə işləməsə də artıq həm xaricdən, həm də ölkə daxilindən sifarişləri qəbul etməyə başlayıb. Hazırda 80-ə yaxın işçinin çalışdığı fabrikdə yüksək keyfiyyətli məhsul istehsalı üçün xammal əsasən Almaniya, Çin, Rusiya, Qazaxıstan və Belarusdan gətirilir. Azərbaycanda filiz zavodu fəaliyyətə başlayandan sonra isə “Accurate Az” MMC istehsal prosesində yerli xammaldan istifadə etməyi planlaşdırıb.
Elxan SALAHOV