17.01.2026, 17:37
AZ EN
04.12.2025, 09:00 234

Gözəl, bəyaz donlu Ağdam...

QARABAĞ
  • İşğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa, quruculuq işləri intensiv şəkildə həyata keçirilir. Yeni salınmış şəhər və kəndlərimizə qayıdışın təntənəsi davam edir. Bir vaxt adı dillərə dastan olan, sonra düşmənin viran qoyduğu, daşı-daş üzərində qalmayan Ağdam da yenidən qurulur. Özü də özünə, adına layiq şəkildə. İndi burada ağ binalar, ağ evlər göz oxşayır...

Bunu Asan TV-nin “Ağdam-2025” layihəsində Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov da elə doğma şəhərdən bizə bəyan edir.

E.Hüseynov bildirir ki, hazırda Ağdam şəhərində digər quruculuq işləri ilə yanaşı daxili yollar da yenidən inşa olunur. Artıq Birinci Yaşayış Kompleksində ilk yol nişanları da quraşdırılıb. Yollarda tezliklə ilk svetaforlar da quraşdırılacaq. Küçələrə onların adları olan lövhələr  vurulur, avtobus dayanacaqlarının yerləri müəyyənləşdirilir. Şəhərdə müxtəlif istiqamətlərdə hərəkət edəcək avtobusların dayanacaq nöqtəsi  Ağdam Avtovağzal Kompleksi olacaq. Beləliklə, Ağdamın kiçik bir hissəsi tezliklə şəhər simasında meydana gələcək. Qeyd edək ki, Ağdamda küçələr o qədər geniş salınır ki, Emin müəllimin dediyi kimi, heç yaxın regionda da belə yollar yoxdur. Ağdamda bütün kommunikasiya xətləri isə yerin altından salınır.     

Ağdam bazarı

E.Hüseynov bildirir ki, Ağdam bazarının inşası üçün İkinci Yaşayış Məhəlləsi ilə Beşinci Yaşayış Məhəlləsi arasında müvafiq yer ayrılıb. Bura daha çox özəl sektor investisiya obyektidir. Biz səbirsizliklə gözləyirik ki, tezliklə bu sektorun nümayəndələri maraqlı təkliflərlə çıxış edəcəkllər və Ağdam bazarının tikintisini öz üzərlərinə götürəcəklər.   

Ağdam şəhəri indi daha böyük olacaq

İşğala qədər Ağdam şəhərinin ərazisi 700 kv.km. idisə, indi bir neçə kəndin şəhərə birləşdirilməsi nəticəsində bu rəqəm 2000 kv.km. təşkil edir. Məsələn, Ağdama ən yaxın kənd olan Seyidli kəndinin yerində indi şəhərin bir məhəlləsi salınır. Dördüncü Yaşayış Kompleksi hazırda həmin məhəllədə tikilir. Bura təxminən 5 min nəfərin köçürülməsi nəzərdə tutulur. Məhəllədə 75 bina var, onun 47-si yaşayışı, 18-i isə qeyri-yaşayış binasıdır.

Bütün məhəllələrdə tikinti başlayıb, artıq bəzilərində hörgü işi də qurtarıb, digərləri isə yekunlaşmaq mərhələsindədir. 7-ci məhəllənin də  təməli qoyulub.  

Qeyd edək ki, şəhərin mərkəzində işğal və Zəfər muzeyləri, mərkəzi park, Cümə məscidi, Pənahəli xanın sarayı kimi yerlər olacaq.

E.Hüseynov bildirir ki, 1, 3 və 5-ci Yaşayış Komplekslerini Avstriya, Türkiyə və İngiltərə mütəxəsisləri layihələndirib. 2 və 4-cü Yaşayış Komplekslərini isə Bakı Dövlət Layihə İnstitutu hazırlayıb. Layihələr bir-birindən fərqli və gözəldi. Şəhərin yenidən qurulmasında ağ çalarlar üstünlük təşkil edir. Bunu binalarda daha aydın görmək olur...  

2027-ci ilin ortalarına qədər Ağdam şəhərinə 20-25 min əhali köçürüləcək

2027-ci ilin ortalarına qədər Ağdamın ümumi inkişaf dinamikası belədir:

2026-ci ilin sonunadək Ağdam şəhərində 4 yaşayış kompleksi tikiləcək. Bu ilin sonlarında 5-ci yaşayış kompleksinin tikintisinin başlanması planlaşdırılır.

2027-ci ilin ortalarına qədər Ağdam şəhərində 20-25 min əhali məskunalaşdırılacaq. Nəzərə alsaq ki, 2040-ci ilin sonuna qədər şəhərə 100 min nəfər əhalinin köçürülməsi nəzərdə tutulmuşdu, onun 25 mini, yəni dörddə biri elə 2026-cı ilin sonu, 2027-ci ilin ortalarına qədər təmin olunacaq.

E.Hüseynov qeyd edir ki, işğala qədər Ağdamda qeydiyyatda olan məcburi köçkün statusu almış insanlar mərhələli şəkildə mənzillə təmin olunacaqlar. Özəl şirkətlərin inşa etdiyi binalardan isə ağdamlılarla yanaşı bütün ölkə vətəndaşları mənzil ala biləcəklər. Bu artıq onların şəxsi seçimidir.

O da vurğulandı ki, vaxtilə Ağdam şəhərində 42 min sakin yaşayıb, indi isə 100 min nəzərdə tutulub.

Ağdamın abad kəndləri

Qeyd edək ki, Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinə artıq insanların köçü başlayıb. İki kəndin isə tikintisi davam edir. Bu Baş Qərvənd və Eyvazxanbəyli kəndləridir. Baş Qərvənd kəndinin inşası  slovakiyalı mütəxəsislər tərəfindən həyata keçirilir. Qarabağ atlarıyla tanınan Eyvazxanbəyli kəndinin də abad günlərinə qovuşmağına az qalıb.

Ağdamdan Xankəndiyə qatarla gedəcəyik

Ağdamın keçmiş təmas xəttinin üzərində yerləşən hissəsi və kəndlərində minatəmizləmə işləri hələ də davam etdirilir. Rayonun 55 faizi artıq minalardan təmizlənib.  

Bir sevindirici xəbər də ondan ibarətdir ki, bu ilin sonunda Ağdamdan Xankəndiyə qatarla getmək mümkün olacaq. Artıq Əsgərana qədər yeni dəmir yolun yataqları da hazır vəziyyətdədir.

Mina RƏŞİD     

Oxşar xəbərlər