"Vətən səsi" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Beynəlxalq İnşaat Sərgisi (“Baku Build-2025”) və 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh -2025”) çərçivəsində təşkil olunan paneldə çıxışı edərkən deyib. O, “Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli” mövzusuna həsr olunan paneldəki çıxışında işğaldan azad olunan ərazilərdə görülmüş işlərdən ətraflı bəhs edib: "İİTKM-in monitorinq və qiymətləndirmə hesabatlarına əsasən, 10 rayonun 28 yaşayış məntəqəsi üzrə 4826 ailə və ya 19 min 109 nəfər keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb. Hazırda azad edilmiş ərazilərdə fəaliyyət göstərən əhali sayı 50 000-ə yaxındır. 2025-ci ilin sonunadək 47 yaşayış məntəqəsinə köçürüləcək əhali sayının 10 344 ailə üzrə 42 075 nəfər olacağı nəzərdə tutulub".
İİTKM-in icraçı direktoru qeyd edib ki, azad olunmuş ərazilərdə daimi məskunlaşmış əhalinin orta hesabla 35 faizi iqtisadi fəal əhalidir ki, onlardan da 91 faizinin məşğulluğu təmin edilib. Azad edilmiş ərazilərdə 18 ümumi təhsil müəssisəsi və 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda 5 ümumi təhsil müəssisəsi və 1 məktəbəqədər təhsil müəssisəsinin tikintisi davam etdirilir, 1 peşə təhsili müəssisəsində təmir işləri həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat-tranzit layihələrindən danışan Vüsal Qasımlı bildirib ki, artıq Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq hava limanları istifadəyə verilib. Uzunluğu 500 kilometrə yaxın avtomobil yolunun tikintisi başa çatdırılıb. Ağdam Dəmir Yolu və Avtovağzal kompleksi, Horadiz-Ağbənd dəmir yolunun 75 kilometrdən artıq hissəsi (68 faizi) tikilib, uzunluğu 47,1 kilometr olan Bərdə-Ağdam dəmir yolu istismara verilib.
Elxan SALAHOV