21.11.2024, 21:04
AZ EN
09.02.2024, 15:24 247

Xocalıda tezliklə yeni evlərin tikintisi başa çatacaq

QARABAĞ
  • Bu gün işğaldan azad edilmiş şəhər və kəndlərimizdə bərpa-quruculuq işləri sürətlə həyata keçirilir. Xocalı şəhərində də yüzlərlə evdə əsaslı təmir işləri aparılır. Şəhəri yenidən bərpa edənlər sırasında Xocalının doğma sakinləri də var. Əraziyə tikinti şirkətləri cəlb edilib. Bu gün Xocalıda 24 saat növbəli iş gedir.

Vüqar İsayev, iş icraçısı: “Bizim ərazimizdə 10 ev var. Onların 4-ü təməldən tikilib, 6 evdə isə təmir işləri həyata keçirilir. Tikinti olduqca sürətlə aparılır, işlər fasiləsiz davam etdirilir. Evlərin bir hissəsi fevralın 18-dən sonra təhvil veriləcək. Qalanını isə ikinci mərhələdə təhvil verəcəyik.

Xocalıda çalışanlar arasında doğma sakinlərdən biri də usta Rasim İbrahimovdur. Usta deyir ki, əvvəllər Xocalı haqqında ürək ağrısı ilə danışırdıq. İndi isə sevinclə. Ona görə ki, xocalılar tezliklə öz evlərinə qayıdacaqlar.

Sürücü Vidadi İspəndarov da Xocalıdandır: “Bu gün biz həm şadıq, həm də kədərliyik. Çünki Xocalıda mənim Şahmar Əliabbasov adında dayım girov düşüb. Anamın xalası şəhid olub. Xalam oğulları Asiflə Vüqar da burada girov düşüblər. Amma buna baxmayaraq Xocalının düşməndən azad edilməsinə və bu gün burada belə quruculuq işlərinə görə hər birimiz sevinirik.

O dəhşətli gündə Xocalıdan qarda-boranda ayağıyalın, başıaçıq çıxan körpələr indi böyüyüb öz yurdlarını yenidən qururlar.

Xocalı sakini Məyiş Abbasov deyir ki, buradan çıxanda mənim 7 yaşım vardı. Bu gün isə sevincimin həddi-hüdudu yoxdu ki, mən də öz doğma yurdumda çalışıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Bəli, bu gün Xocalıda tamam başqa bir ab-hava var. Burada çalışanları izlədikcə insanın qəlbi fərəhlə dolur. Çünki havanın soyuqluğuna baxmayaraq insanların qəlbində bir ocaq istiliyi onların üzündən hiss edilir.  

Memar Elnur Abdullayev bildirir ki, Xocalıda 1283 evdə əsaslı təmir- bərpa işləri gedir. Bununla yanaşı Xocalı şəhərinin bütün kommunikasiya, içməli su, rabitə, kanalizasiya, elektrik və digər daşıyıcı magistral xətləri bitmək üzrədi. Artıq ev birləşmələri işinə start verilib. Eyni zamanda, Xocalı şəhərinin məişət tullantılarından təmizlənməsi prosesi də aparılır. Quruculuq-abadlıq işləri ilə yanaşı şəhərin yaşıllaşdırılması, abadlaşdırılması da vacib məsələlərdəndir.

Şəhərin su təminatı mərkəzi su anbarı hesabına təmin edilir. Gələcəkdə suyla təchizat üçün yeni mənbələr aşkarlanır və daha bir subartezan quyusunun qazılması planlaşdırılır.

Qarabağ Regional Sukanal idarəsinin rəisi Müşfiq Adıgözəlov deyir ki,  mərkəzi su anbarının yanında yeni bir subartezian quyusu qazılır.

Xocalının torpağı bərəkətli, insanları zəhmətkeş olur. Buna görə də buranın sakinləri heç nədən ehtiyac çəkmirdilər. İnanırıq ki, tezliklə Xocalının çal-çağırını görmək hamımıza nəsib olacaq.

Mina RƏŞİD     

Oxşar xəbərlər