Qarabağ İqtisadi zonasında tikinti, bərpa-quruculuq işləri intensiv olaraq davam etdirilir.
Prezidentin Qarabağ İqtisadi Zonası üzrə xüsusi nümayəndəsi Emin Hüseynov AZTV-yə açıqlamasında bildirib ki, böyük zəfərdən sonra intensiv şəkildə bu bərpa-quruculuq prosesləri bütün işğaldan azad olunmuş ərazilərdə olduğu kimi, Qarabağ İqtisadi rayonunda da həyata keçirildi: “Füzuli və digər yaşayış məntəqələrində baş planlar təsdiq olundu. Bu baş planlar əsasında artıq bilavasitə həm minatəmizləmə, həm baza infrastrukturunun çəkilişi prosesi həyata keçirildi. Qarabağ İqtisadi rayonu keçmiş təmas xəttinə düşən və ən çox minalardan çirklənmiş ərazilərdir. Ona görə də burda istər yol çəkilişi, istər elektrik xətlərinin çəkilişi çox çətinliklə həyata keçirildi. Buna baxmayarq, artıq bu çətin dövrlər arxada qalıb. Göründüyü kimi, çox geniş bərpa-quruculuq prosesləri gedir. Onu deyə bilərəm ki, hal-hazırda Böyük Qayıdış I Dövlət Proqramına əsasən 2026-cı ilin sonuna qədər təkcə Qarabağ İqtisadi rayonuna 16 min ailənin, keçmiş məcburi köçkün soydaşımızın qayıdışı nəzərdə tutulub. Onlardan Ağdam şəhərinin özündə 20 min nəfər əhalinin yaşaması planlaşdırılır. Eyni zamanda hal-hazırda Ağdam şəhərindən başqa 12 kənd və Füzuli şəhəri, Füzuli şəhərindən başqa da 12 kəndin 2026-cı ilin sonuna qədər bərpa olunub vətəndaşlarımıza təhvil verilməsi nəzərdə tutulur. Biz hal-hazırda Ağdam rayonunun Kəngərli kəndindəyik. 12 kənddən biridir. Göründdüyü kimi, artıq kəndin bərpası başlanılıb. Bu kənddə birinci mərhələdə 292 evin tikilməsi nəzərdə tutulub. Bu, əlbəttə ki, sonrakı dövrlərdə ddə davam edəcək. Əslində biz nəzərdə tuturuq ki, növbəti ilin 2025-ci ilin əvvəlində artıq kənd vətəndaşlarımıza təhvil verilsin. Bu il ərzində bu proseslər gedəcək.
Qeyd etdiyim kimi, Ağdam rayonunda Ağdam şəhəri və 12 kəndin bərpası nəzərdə tutulub. 2024-cü ilin sonuna qədər hal-hazırda 3 kəndin tikintisi davam edir. Onun mərkəzi hissələrinin yekunlaşdırılması, Ağdam şəhərində 1 yaşayış kompleksinin yekunlaşdırılması və əsas sosial obyektlər olan mərkəzi park, cümə məscidi, 1 saylı orta məktəb, muğam mərkəzi, siti-hotel layihələrinin yekunlaşmasını gözləyirik. Sözsüz ki, Ağdam şəhərinin daxili yollarının çəkilişi, 6 kilometr uzunluğunda olan əsas hissəsi, mərkəzi hissəsini əhatə edən seqmenti bu ilin sonuna qədər yekunlaşması nəzərdə tutulur və bütün bunların nəticəsi olaraq 2025-ci ildən başlayaraq, artıq Ağdam şəhərinə və hal-hazırda olduğumuz Kəngərli kəndi, Sarıcalı kəndi və Xıdırlı kəndlərinə keçmiş məcburi köçkün soydaşlarımızın köçməsini təmin edə bilərik. Əvvəldə də qeyd etdiyim kimi, Ağdam şəhərində 2026-cı ilin sonuna qədər 20 min əhalinin və ümumilikdə Ağdam rayonunda isə 40 minə yaxın əhalinin məskunlaşması nəzərdə tutulur.
Hazırladı: Tahirə AĞAMİRZƏ