Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Kənd Pirhəsənli tirəsinə aid olduğu üçün kəndə Pirhəsənli-Kəngərlisi deyilir. (Ağsu rayonunda yerləşən Pirhəsənli camaatı ilə eyni tirədəndirlər). Uzundərənin sol sahilində daha 2 kiçik kənd Kəngərli tayfasına aid edilir. 1-ci kənd Şirvanlı, 2-ci kənd Qaraağaclar (1963-cü ilə kimi Kəngərli adlanıb) adlanır. Camaat öz aralarında sağ sahildəki kəndi o tay, soldakı kiçik kəndləri bu tay deyə fərqləndirirlər.
1993-cü ilə kimi o tay Kəngərlidə təxminən 300-350 ev, bu tayda Şirvanlıda 25-30, Qaraağaclarda isə 60 ev var idi. Mənbələrdə qeyd olunur ki, Pirhəsənli-Kəngərli adlanan hər 3 kənddə ancaq Kəngərli tayfasına məxsus əhali yaşayırdı. XX əsrin 90-cı illərinə qədər ailə həyatı qurmaq yalnız tayfa daxilində mümkün ola bilərdi. Belə ki, kənddən qonşu kəndlərə qız vermək və almaq qadağan idi. Kənd camaatı qapalı həyat tərzinə üstünlük verirdi.
Bəzi araşdırmaçı alim və mütəxəssislərin dediyi kimi, heç də kəngərlilər (söhbət Pirhəsənlidən gedir) Qarabağdan Naxçıvana yox, əksinə, Naxçıvandan və indiki Ermənistan (Dərələyəz) torpaqlarından məlum səbəblərdən köç edərək Qarabağ ərazisində məskunlaşmışdılar.
Tahirə AĞAMİRZƏ