Mavas monastırı Azərbaycan Respublikasının Xocavənd rayonunun Gavahın kəndi yaxınlığında yerləşən tarix-memarlıq abidəsidir. Monastırın kitabəsində onun XIII əsrdə inşa edildiyi göstərilmişdir. Bu abidə əlçatmaz ərazidə inşa edilməklə yanaşı, həm də müdafiə divarları ilə möhkəmləndirilmişdir. Buna görə də monastır əsrlər boyu həm əhalisinin təhlükəsizliyinin təmin olunmasında böyük rol oynamış, həm də qala kimi istifadə edilmişdir. Mavas monastırından dövrümüzə qədər üçnefli bazilika, ona birləşən narteksin xarabalıqları və müxtəlif mülki tikililərin qalıqları gəlib çatmışdır. Yüksək bədii tərtibata malik iki xaçdaş və altar yuksəkliyi altındakı dörd məzar üzərindəki naxışlı sinədaşları interyerin ümumi memarlıq - bədii tərtibatının tamamlanmasında mühüm rol oynayır. Düzbucaqlı ibadət zalı 4,8 x 8,1 metr ölçüdədir. Qalıqlarına əsasən müəyyən edilmişdir ki, narteks kvadratvari formaya malik olmuşdur.
İsa Musayev