Ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər.
Əslində alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı. Erməni mənbələrinin məlumatlarına görə, şəhərə hücumda 100-dək zirehli maşın və tank, 11 min canlı qüvvə iştirak etmişdi. Erməni silahlı birləşmələrinin tərkibində hətta xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.
Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib.
44 günlük İkinci Qarabağ savaşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun əsgər və zabitlərinin şücaəti sayəsində bizim möhtəşəm Zəfərimizlə başa çatdı. Şanlı ordumuz 2020-ci il noyabrın 8-də dünyanı mat qoyan misilsiz əməliyyatı ilə Şuşada bir daha enməyəcək üçrəngli bayrağımızı ucaltdı! Şəhidlərimizin qanı yerdə qalmadı.
Hazırladı: Mina RƏŞİD