Dizaq məliklərinin sarayı Xocavənd rayonunun Tuğ kəndində yerləşən tarixi-memarlıq abidələri kompleksidir. Tədqiqatçılar ehtimal edirlər ki, saray kompleksi daha qədim tikililərin yerində inşa edilmişdir. Bu tikililərin bədii memarlıq xüsusiyyətləri, həmçinin epiqrafika nümunələri onun müxtəlif hissələrinin ayrı-ayrı vaxtlarda inşa edildiyini göstərir. Əsas saray binasının birinci mərtəbəsi XVIII əsrdə, ikinci mərtəbəsi isə XIX əsrdə tikilmişdir. Tuğ kəndinin mərkəzində yerləşən kompleks 38x13.24 metr ölçülər və planda düzbucaqlı formaya malikdir. Saray binasının ən böyük zalı parad pilləkənindən sağda yerləşməklə, cənub-şimal oxu üzərindədir. Binanın eyvanından bütün ətraf ərazilərə gözəl mənzərə açılır. Parad girişi, qonaq otağı və uzun zal arasında orqanik əlaqə yaradılmışdır və buna görə də saray öz dövrünün ən gözəl mülki memarlıq nümunələrindən biri hesab edilir. Saray kompleksinin inşası zamanı Füzuli rayonu ərazisindəki daş karxanasından olan ağ və sarımtıl əhəng daşlarından, həmçinin yaxşı yonulmuş boz bazalt daşlarından istifadə olunmuşdur. Kiçik dəyişikliklərə baxmayaraq, məlik sarayı demək olar ki, ilkin görünüşünü qoruyaraq dövrümüzə qədər gəlib çatmışdır.
İsa Musayev