23.11.2024, 13:39
AZ EN
11.01.2024, 15:10 321

Elxan Şahinoğlu: "İlham Əliyev bu yolla həm də dost və düşmənlərə, o cümlədən Ermənistana mesajlarını göndərmiş oldu"

YAZILAR
  • "Ermənistanın baş naziri Nikol Paşinyan həftə ərzində tez-tez açıqlamalar verir, nitqlər söyləyir və parlamentdə çıxışlar edir". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu açıqlamasında bildirib. Politoloq qeyd edib ki, Paşinyanın açıqlamalarında, nitqlərində və çıxışlarında Azərbaycanla danışıqlar prosesinə də toxunulduğundan Azərbaycan Prezidenti İlham Əliyev də il ərzində bir neçə dəfə mövcud vəziyyət və aktual məsələlər barədə toplam şəkildə ictimaiyyəti məlumatlandırmağı lazım bilir: "İlham Əliyev bu yolla həm də dost və düşmənlərə, o cümlədən Ermənistana mesajlarını göndərmiş olur.

Prezidentin təxminən iki saat yarımlıq müsahibəsindən əsasən bu nəticələri çıxarmaq mümkündür:

1. Fransa anti-Azərbaycan mövqeyindən geri çəkilməyincə rəsmi Bakı da beynəlxalq aləmdə Fransanın kolonial siyasətinə qarşı mübarizəsini davam etdirəcək. Azərbaycanın Qoşulmayan Hərəkatında sədrliyi başa çatmaq üzrə olsa da, rəsmi Bakının hərəkat çərçivəsində Fransanın kolonial siyasətinə qarşı formalaşdırdığı “Bakı təşəbbüsü” çərçivəsində fəaliyyətini davam etdidəcək. Bununla İlham Əliyev fransalı həmkarı Emmanuel Makrona mesaj göndərdi ki, “Siz bizə problem yaratmaqda davam edəcəyiniz halda, biz də Sizə beynəlxalq aləmdə problem yaratmaqda davam edəcəyik”;

2. İlham Əliyev Nikol Paşinyanın təbliğat məqsədilə irəli sürdüyü “sülh qovşağı” ideyasını qəbul etmir. Paşinyan “sülh qovşağı” təşəbbüsü adı altında bölgə ölkələri arasında kommunikasiya xətlərinin hər bir ölkənin suverenliyini çərçivəsində açılmasının tərəfdarıdır. Rəsmi Bakı Paşinyanın təklifinə o halda razılaşmağa hazırdır ki, Ermənistan Azərbaycan vətəndaşlarına Zəngəzur dəhlizi ilə rahat gediş-gəliş imkanı yaratsın. Bu olmadan Azərbaycan Ermənistanla sərhədin heç bir məntəqəsini açmayacaq;

3. İlham Əliyev Azərbaycanın tarixi qələbəsindən sonra yeni hədəflər barədə düşünülməsinin tərəfdarıdır. Prezidentin “tarixi zəfəri istismar etmək olmaz” tezisini “tənbəlləşmək olmaz” kimi oxumaq lazımdır. Prezidentin bu tezisindən çıxış edərək Azərbaycan diplomatiyasının və diasporunun fəallaşmasına ehtiyac var.  Ermənistan və bu ölkənin havadarları Azərbaycana qarşı informasiya savaşını genişləndiriblər. Misal üçün Parisin mərkəzində “Dağlıq Qarabağda erməni irsi təhlükə altındadır” şüarı altında sərgi keçirilir. Sərginin təşkilatçıları arasında Paris meriyası da var. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri Avropanın digər dövlətlərində Qarabağda dağıdılan məscidlərlə bağlı toplantı və sərgilər keçirməlidir və bu erməni təxribatına ən tutarlı cavab olar. Və ya Ermənistanda səfərdə olan Yunanıstanın xarici işlər naziri deyib ki, Afina “Dağlıq Qarabada erməni irsinin qorunması üçün Avropa İttifaqında və YUNESCO təşkilatında təşəbbüslərlə çıxış edəcək”. Yunanıstan vətəndaşları soyuq qış aylarında  evlərini Azərbaycan qazı ilə qızdırırlar: "Bunu Afinaya xatırlatmağa ehtiyac var ki, Yunanıstan hökuməti Azərbaycanla bağlı siyasətində diqqətli olsun;

4. İlham Əliyev 2024-cü ildə Ermənistanla sülh sazişinin imzalanması üçün şəraitin yarandığı qənaətində olsa da, Ermənistanın silahlanmağa çalışmasının bu prosesi əngəlləyə biləcəyinə diqqəti çəkib. Prezident bir daha o fikri xatırladıb ki, əgər Ermənistan Azərbaycana təhlükə yaradan silah və ya raketlər əldə edərsə, Azərbaycan buna qarşı qabaqlayıcı addımlar atacaq. İlham Əliyevin bu xəbərdarlığı Ermənistanı xarici ölkələrdən hücum xarakterli silah və hərbi texnika almaqdan çəkindirməlidir. Əks halda müharibə qaçılmaz olacaq. Halbuki, Azərbaycan yeni müharibədə maraqlı deyil;

5. İlham Əliyev iki ölkə arasında sərhədlərin müəyyənləşməsinin sülh sazişinin imzalanmasına mane olmayacağı qənaətindədir. Həqiqətən sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlar uzun illər davam edə bilər və bu sülh sazişinin xaricində qalacaq. Azərbaycanın sərhəddəki strateji yüksəkliklərdən geri çəkilməyəcəyi bir daha vurğulandı. Sülh sazişinin imzalanması üçün təminatçı dövlətlərə də ehtiyac yoxdur. Azərbaycan anklav kəndləri geri qaytarmaq siyasətindən imtina etməyəcək. Azərbaycana bitişik kəndlər təhvil verilməli, Ermənistanın içində qalan kəndlərlə bağlı vəziyyət isə iki tərəfin formalaşdırdığdığı komissiyasının müzakirə predmeti olmalıdır.

6. Azərbaycan Cənubi Qafqazda böyük dövlətlər arasında gesosiyasi rəqabətin əleyhinədir. Çünki bu rəqabət bölgə üçün əlavə problemlər yaradır. Bu mənada sülh sazişinin harada imzalanması mübahisə predmeti olmamalıdır. Önəmli olan heç bir dövlətin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına və sonrakı danışıqlar prosesinə mane olmamasıdır".

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər