13.11.2024, 02:54
AZ EN
18.04.2023, 10:08 435

Cinayətkarların açdığı cinayət işi

YAZILAR
  • “Azərbaycanla Ermənistan arasında de-yure aktiv hərbi əməliyyatlar getmədiyi üçün 3-cü Cenevrə Konvensiyasına görə, əsirlər dəhral geri qaytarılmalıdır”.

Bunu hüquqşünas Sahib Məmmədov Real TV-yə açıqlamasında bildirib. O, hər iki ölkənin hərbi əsirlərlə davranışa dair sozügedən Konvensiyanın və onun protokollarının iştirakçısı olduğunu, mövcud vəziyyətdə avtomatik işə düşən bu mexanizm  əsirləri qaytarmaqla bağlı  İrəvanın üzərinə öhdəlik qoyduğunu bildirib: “Əsir götürülmüş şəxs əgər ağır xəstədirsə,  o dərhal repatriasiya olunmalıdır, yox əgər deyilsə, aktiv hərbi əməliyyatlar bitdikdən sonra, yəni konvensiyada bu cür yazılıb. Azərbaycanla Ermənistanın arasında  hazırda de-yure aktiv əməliyyatlar getmir və müharibə vəziyyətində deyil. Ona görə də onlar dərhal qaytarılmalıdır.  Burda təbii ki, Qırmızı Xaç Komitəsinin vasitəçiliyi də ola bilər. Yəni bütün hallarda  Ermənistan tərəfi borcludur ki, onları geri qaytarsın”, - deyə hüquqşünas vurğulayıb.

“Sputnik Armenia”nın məlumatına görə, Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçilərinə qarşı cinayət işi açılıb, onlar həbs edilib. Ermənistan baş prokurorluğu  Aqşin Bəbirov və Hüseyn Axundovu Ermənistanın dövlət sərhədini qanunsuz  keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda iddiham edib. Sahib Məmmədov isə deyir ki, Cenevrə Konvensiyasının 99-cu maddəsinə görə, hərbi əsir heç bir halda məhkəməyə verilə və mühakimə edilə bilməz. Əgər o hər hansı bir  müharibə cinayəti törətməyibsə: “İndiki halda azıb gedib, amma hətta kəşfiyyata getsəydi,  hətta hansı hərbi məqsədlə düşmən obyektinə hücum etsəydi belə o hərbi müharibə cinayəti sayılmır. Yalnız müharibə cinayətinin məqsədləri, mülki obyektlərin dağıdılması, mülki əhaliyə ziyan vurulması və s. bunlardır”.

Hüquqşünas onu da vurğulayıb ki, Ermənistanın bizdə olan şəxsləri var, onlar əsir deyillər: “Onlar diversantdırlar və terror məqsədilə ölkəmizin dövlət sərhədini pozaraq keçmişdilər və  onlar yaxalananda da bizim  6 nəfərə qədər həm mülki əhalimizi, həm də  hərbçilərimizi qətlə yetirmişlər. Bu başqa bir məsələdir. Konvensiyanın şərtlərinə görə həmin şəxslər əsir sayılmır, amma  bunlar sayılır. Ona görə də geri qaytarılmalıdır. O ki, qaldı əsirlərlə beynəlxalq humanitar hüquqa uyğun davranılmaması, əsgərimizə işgəncə verilməsi faktına,  bu isə müharibə cinayəti hesab edilir”, - deyə S.Məmmədov bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər