01.12.2024, 22:26
AZ EN
22.02.2023, 16:24 323

İlyas Hüseynov: "Qısa müddətli taktiki qələbələrə hesablanmış addımlar Rusiyanı geniş planda olan hədəflərdən uzaqlaşdırır"

YAZILAR
  • “Qeyd etmək lazımdır ki, Vətən müharibəsindən sonra Azərbaycan regional güclü dövlətlərlə balanslaşdırılmış siyasətini davam etdirdi. Bu balanslaşdırılmış siyasət Azərbaycana mühüm dividentlər qazandırıb. Yaxın tariximiz də onu sübut edir ki, yalnız mehriban qonşuluq siyasəti çərçivəsində uğur qazanmaq mümkündür. Azərbaycan bunun nümunəsini göstərir”.

Bu fikirləri mətbuata açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov bildirib.

Politoloq vurğulayıb ki, Türkiyə ilə Şuşa bəyannaməsinin imzalanmasından sonra həm də Rusiya ilə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannamə imzalandı:

“Bu bəyannamə həm də simvolik bir rəqəmdə imzalanıb - 22 fevral 2022-ci il. Məhz 2 gün sonra Rusiya-Ukrayna müharibəsi başladı. Artıq 1 ildir bu müharibə davam edir. Putinin ötən gün müraciətindən sonra aydın oldu ki, bu müharibə çox tezliklə bitməyəcək və bitməsi də gözlənilmir. Lakin biz Türkiyə və Rusiyanın adını çəkdiksə, gərək mütləq İranı da xatırlayaq. İranla Azərbaycan arasında anlaşma memorandumu imzalandı. Təəssüflər olsun ki, sonrakı dövrdə İran-Azərbaycan münasibəti Tehranın pozuculuq niyyətləri səbəbindən, Ermənistanı himayə etməsi, arxasında durması baxımından pisləşdi”.

İ.Hüseynov qeyd edib ki, Rusiyaya gəlincə, bu qarşılıqlı fəaliyyət haqqında bəyannamənin bir sıra maddələri Azərbaycanın milli maraqlarına uyğundur:

“Yəni, separatizmlə, terrorla mücadilə, ərazi bütövlüyü və suverenliyə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət kimi beynəlxalq hüququn fundamental norma və prinsipləri bəyannamədə yer alır. Lakin biz bu bəyannaməyə Rusiyanın birtərəfli surətdə əməl etməməsini müşahidə etmişik. Xüsusilə, informasiya siyasəti kontekstində müşahidə edirik ki, mərkəzdənqaçma meyilləri mövcuddur. Bəzi media orqanlarının rəhbərləri Rusiyanın ümumi siyasi kursuna zidd olaraq fikirlər səsləndiriblər. Müxtəlif deputatların bu cür fikirləri var idi. Təhdid dolu fikirlər var idi ki, Azərbaycanın neft infrastrukturunu havaya uçurmaq lazımdır. Yaxud buna oxşar bir sıra mənfi məqamlar var idi”.

Ekspertin sözlərinə görə, ümumilikdə, bu bəyannamə tərəflər arasında münasibətləri yaxınlaşdırmaq baxımından da atılan addımdır:

“Biz bəyannamənin imzalanmasından bir müddət sonra Ermənistan isteblişmentində və Rusiyada olan erməni diasporasında böyük fikir ayrı-seçkiliklərini və ziddiyətləri gördük. Belə qələmə verirdilər ki, Ermənistanın müttəfiqi artıq onu tərk etdi və Bakı Rusiya ilə münasibətləri hazırda inkişaf etdirmək üçün cəhdlər göstərir. Bu cəhdlərimiz isə bəzən alınır, bəzən də Rusiya həm də Ermənistanın xeyrinə bəzi fikirlər səsləndirir. Bu icə acı təəssüf doğurur. Lakin Rusiya tərəfi anlamalıdır ki, Azərbaycan regionda yeni geosiyasi və geoiqtisadi şərait formalaşdırıb. Yeni reallıqlar kontekstində əməkdaşlıq, sülh və təhlükəsizlik üçün çox yaxşı münbit şərait formalaşıb. Bu şəraitdən dövlətlər yalnız öz xeyrinə istifadə etməlidirlər. Rusiya Ermənistanla sülh müqaviləsinin imzalanmasında da təşəbbüskar olmalıdır. Rusiyanın çox yaxşı imkanları var ki, regionda sülhün dayanıqlığı formalaşsın”.

Politoloq daha sonra vurğulayıb ki, qısa müddətli taktiki qələbələrə hesablanmış addımlar Rusiyanı geniş planda olan hədəflərdən uzaqlaşdırır:“Rusiyanın Müdafiə Nazirliyinin baş qərargahında olan xəritələr əsasında delimitasiya prosesi həyata keçirilə bilər. Yaxud, Rusiyanın Ermənistana çox ciddi təsir rıçaqları var ki, Zəngəzur dəhlizinin açılması reallaşsın. Rusiyanın çox yaxşı imkanları var ki, Azərbaycan ərazisində olan Ermənistan Silahlı Qüvvələrinin bölmələri regionu tərk etsin. Yəni, Rusiya bu imkanlardan məhz bəyannamədən irəli gələrək istifadə etməlidir ki, Bakı ilə münasibətlər daha da yaxşılaşsın. Əks təqdirdə, biz görürük ki, münasibətlər ziqzaqvari xarakter daşımaqdadır”,- deyə ekspert fikrini ifadə edib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər