Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
2024-cü ilin Azərbaycan üçün çox vacib hadisələr, siyasi proseslərlə yadda qaldığını diqqətə çatdıran millət vəkili qeyd etdi ki, dekabr ayının 25-də baş verən və 38 nəfərin həlak olması ilə nəticələnən təyyarə qəzası ötən ilin ən ağır, faciəli xəbəri oldu: “Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğramasına ilk operativ reaksiya Prezident İlham Əliyev tərəfindən gəldi. O, dərhal MDB Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya etdiyi səfəri yarımçıq qoyub Vətənə döndü. Dövlət başçısının göstərişi ilə Dövlət Komissiyası yaradıldı, nümayəndə heyəti Aktau şəhərinə ezam edildi, həkimlərimiz Qazaxıstana yola salındı, Baş Prokurorluqda cinayət işi açıldı”.
T.Mirkişili bildirdi ki, təyyarə vurulandan sonra idarəetmə sistemi radioelektron təsir vasitəsilə sıradan çıxarılmış və yaxınlıqdakı hava limanlarının heç birinə enişinə icazə verilməmişdir: “Dövlətimizin başçısı müsahibəsində Rusiyaya qarşı dörd tələb irəli sürdü. Rusiya səhvini etiraf etməli, üzr istəməli, kompensasiya ödəməli və günahkarları cəzalandırmalıdir. Rusiya Prezidenti Vladimir Putinin dövlət başçımıza etdiyi telefon zəngində üzrxahlıq etdi. Həmçinin, Rusiya hökuməti zərərçəkənlərə təzminat ödəməlidir. Bu tələblər beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Prezidentinin məlum çıxışı bütün vətəndaşlarımız, xarici ölkələrin liderləri tərəfindən yüksək qiymətləndirildi. Xalqımız məlum faciə ətrafında bir oldu, həmrəylik nümayiş etdirdi. Cənab İlham Əliyevin ədalətli, cəsarətli çıxışı xalqımıza böyük təsəlli oldu. Faciə ilə bağlı ölkəmizdə matəm elan olunması, üstəlik, dövlət başçısının ekipaj heyətinin 3 üzvünə ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı, sağ qalan iki ekipaj üzvünü isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif etməsi dövlətimizin milli dəyərlərimizə nə qədər sadiq olduğunu göstərdi. Bu Sərəncam göstərdi ki, Milli Qəhrəmanlar təkcə döyüş meydanında hərbçilər arasından deyil, öz vəzifə borcunu şərəflə, vicdanla, fədakarcasına yerinə yetirən istənilən sahənin təmsilçiləri sırasından da çıxa bilər”.
Sonda millət vəkili əlavə etdi ki, təyyarə qəzası Azərbaycan xalqının nə qədər böyük, dövlət başçısının nə qədər cəsarətli, milli iradəli olduğunu dünyaya nümayiş etdirdi: “Biz bir dövlət, cəmiyyət olaraq bu faciə qarşısında özümüzü olduqca ləyaqətli, təmkinli və cəsarətli apardıq”.
Hazırladı: Günel Quliyeva