21.11.2024, 23:16
AZ EN
11.01.2023, 16:10 317

Ədalət Verdiyev: “Rusiya sülhməramlı kontingenti də daxil olmaqla əraziyə daxil olan və ərazini tərk edən bütün maşınları yoxlamalıyıq”

YAZILAR
  • “Hazırda baş verən aksiyalar fonunda Rusiyanın ərazilərimizə silah-sursat daşınmasına icazə verməsi ehtimalını yüksək qiymətləndirmirəm”.

Bu sözləri Laçın-Xankəndi yolunda hərəkət edən və Rusiya sülhməramlı qüvvələri tərəfindən yoxlanılmadan əraziyə daxil olan nəqliyyat vasitələri ilə bağlı məsələyə aydınlıq gətirən hərbi ekspert Ədalət Verdiyev açıqlamasında deyib.

O, bildirib ki, rus kontingentinin müvəqqəti nəzarətində olan ərazilərə gedən maşınların əksəriyyəti yanacaq və ərzaq təminatını həyata keçirmək üçün nəzərdə tutulub: “Lakin yaxın keçmişin təcrübəsi göstərir ki, rusiyalı kontingent bizim ərazilərə silah-sursat, mina və hətta texnikaların da buraxılmasına zamanında şərait yaradıb. Odur ki, həmin maşınların yoxlanılması vacibdir. Bugün həmin maşınların yoxlanılması bildiyim qədərilə həyata keçirilmir. Maşınların bəziləri tentlə, ərazi avtomobilləri isə qara rəngli şüşələrlə təchiz olunduğundan maşın daxilində gedənlərin də kimliyini bilmək mümkün deyil”.

Ekspert qeyd edib ki, Azərbaycan tərəfi sözügedən yolda nəzarət mexanizması formalaşdırmalıdır: “Hazırda baş verən aksiyalar fonunda Rusiyanın ərazilərimizə silah-sursat daşınmasına icazə verməsi ehtimalını yüksək qiymətləndirmirəm. Lakin bunu istisna etmək də olmaz. Çünki İrandan Azərbaycan torpaqlarına rusların nəzarətində olan buraxılış məntəqəsindən rahatlıqla keçən 27 İran diversantının şəxsiyyəti aşkarlanıb. Azərbaycan həmin ərazilərə silah-sursat daşınmasını da rahatlıqla aşkarlaya bilər. Qanunsuz silah-sursatın daşınmasının qarşısını almaq və gələcəkdə bu kimi fəaliyyətlərin təkrarlanmamasına yol vermək üçün ən azından Azərbaycan-Ermənistan sərhəddinin Laçın rayonu ərazisindən keçən hissəsindən Azərbaycan tərəfinin nəzarət buraxılış məntəqəsinin yerləşdirilməsi mütləqdir. Belə bir məntəqə Qubadlı ərazisində mövcuddur. Lakin ermənilər yan yollarla keçərək Ermənistandan Qarabağa silah-sursat daşımağa nail olmuşdular. Sərhəddə-yolun başlanğıcında nəzarət-buraxılış məntəqələrimizi qurmalıyıq. Rusiya sülhməramlı kontingenti də daxil olmaqla əraziyə daxil olan və ərazini tərk edən bütün maşınları yoxlamalıyıq. Yalnız bundan sonra zəmanətli şəkildə ərazilərə silah daşınmadığını iddia edə bilərik”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər