Ermənistanın sabiq XİN rəhbəri Vartan Voskanyan son günlər Laçında baş vermiş olaylarla bağlı fikirlərini «Hraparak» media qrupunun işçiləri ilə bölüşüb. O, söhbətə başlayan kimi ««arsax xalqı»nın siyasi və hüquqi müstəqilliyi söhbət mövzusu ola bilməz» - deyərək bunun bir sıra «səbəblərini də» açıqlayıb. On il nazir kimi Qarabağ problemi ilə məşğul olan bu erməni indi həyasızcasına bildirir ki, «arsax»ın siyasi və özünütəyin hüququ guya Madrid sənədlərində öz əksini tapmışdır. 44 günlük müharibədə Ermənistanın deyil, «arsax»ın məğlub olduğunu isbatlamağa çalışan sabiq nazir diplomatiyadan xəbərsiz olduğunu öz sərsəm fikirləri ilə dəfələrlə sübut edir.
O, həm də sərsəmləyir ki, «arsax» heç zaman Müstəqil Azərbaycanın tərkibində olmayıb, o, öz müstəqilliyini Azərbaycandan bir aydan da çox tez bəyan edib və Sovetlər birliyinin tərkibindən çıxıb. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini Ermənistanın «arsax»sız tanıdığını bildirən V.Voskanyan həyasızcasına əlavə edib ki, Azərbaycan Ermənistanın xeyli suveren ərazisini də işğal edib və həm «arsax xalqı»nı, həm də digər erməniləri humanitar fəlakətlə üz-üzə qoyub. Bütün bunlara baxmayaraq emənilərin öz məqsədlərinə çatmaq üçün daim mübarizə aparacağını bildirən sabiq nazir əlavə edib ki, Ermənistan iqtidarı daha dolğun siyasi addımlar atmalı, dost dövlətlərin güclərinin də ümumerməni ideyasının həyata keçirilməsinə kömək etməsinə nail olmalıdır. Ümumiyyətlə isə V.Voskanyanın sözügedən çıxışı onun bölgədəki və dünyadakı reallıqlardan xəbərsiz olduğunu göstərir. Öz çıxışında separatçı Ruben Vardanyanın ünvanına yaltaqlıq mesajları göndərən üzdəniraq diplomat görünür, separatçı David Babayanın qanlı kreslosunda oturmaq istəyir. Belə olmasa idi, bir neçə illik «yuxudan» indi ayılmaz və «siyasi şərhlərlə» gündəmə gəlmək istəməzdi.
NƏSİB