Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib. O qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin ərazilərin bərpası və əhalinin qayıdışına dair baxışı və qarşıya qoyduğu hədəflər Dövlət Proqramının prioritet istiqamətlərini təşkil edir. Bu istiqamətlər ümumi olaraq təhlükəsizlik, müasir yaşayış məntəqələrinin salınması, əhalinin dayanıqlı məskunlaşması, əhatəli və qabaqcıl standartlara cavab verən infrastrukturun qurulması, ərazilərin iqtisadi inkişafının dəstəklənməsi və ekoloji təmiz mühitin təmin edilməsidir. Son iki ildə işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb və bu proses hazırda uğurla davam etdirilir. Bu məsələdə ilk gündən infrastrukturun yenilənməsi və bərpası prioritet istiqamət olub. Yeni avtomobil yolları, hava limanları inşa edilərək istifadəyə verilib. Qarabağın və Şərqi Zəngəzurun dünyaya açılan hava qapıları olan Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadə verilməsi bütövlükdə işğaldan azad edilmiş ərazilərin xoşbəxt gələcəyindən xəbər verir. 2025-ci ildə isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu ərazilərimizin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında müasir tələblər səviyyəsində qurulması xüsusilə qürurverici hadisələrdir. Soydaşlarımızın yüksək həyat şəraitinin təmin edilməsi üçün bütün zəruri addımlar atılır. Bu fikir daim önə çəkilir ki, dünya hərb tarixində ilk olaraq Azərbaycan müharibə bitən kimi işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verdi. Təbii ki, bu, bir tərəfdən Azərbaycanın iqtisadi, maliyyə imkanlarının, digər tərəfdən isə xalqımızın qurucu xalq olmasının təqdimatıdır. Azərbaycan bütün işləri öz daxili imkanları hesabına həyata keçirir ki, bu da düşünülmüş və məqsədyönlü siyasətimizin nəticəsidir. Prezident İlham Əliyev 19 illik prezidentliyi dövrünün 17 ilini işğal altındakı torpaqlarımızın azad edilməsi ilə yanaşı, postmünaqişə mərhələsinin əsas reallığı olan həmin ərazilərimizin bərpası işlərinə hazırlığa yönəltmişdir. Diqqət yetirsək görərik ki, ölkə Prezidenti yalnız işğaldan azad edilmiş ərazilərimizin deyil, bütün regionlarımızın inkişafını daim diqqətdə saxlayır, Dövlət proqramlarından irəli gələn vəzifələrin hansı səviyyədə yerinə yetirilməsi ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq rayonlara səfərlər edir. Azərbaycanın iqtisadi və maliyyə imkanları əsas verir ki, istənilən layihənin, Dövlət Proqramının icrasını uğurla başa çatdırsın.
“Azərbaycanın yalnız bir bölgəsini əhatə edən Dövlət Proqramının miqyası bir çox dünya dövlətlərində bütövlükdə həmin ölkələrin miqyasında qəbul edilən inkişaf proqramlarından qat-qat daha əhatəli, daha praqmatik və daha hədəfyönümlüdür. Bu miqyasda yenidənqurma və inkişaf proqramının Azərbaycanın öz daxili imkanları hesabına icra edilməsi isə bir çox ölkələr üçün əlçatmaz bir təcrübədir. Dövlət Proqramı göstərir ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda yerinə yetirilməsi planlaşdırılan işlər təkcə tikinti və quruculuqla məhdudlaşmayacaq. Tədbirlər Planının əhəmiyyətli bir hissəsi dayanıqlı icmaların yaradılması, gələcəkdə sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin formalaşması, məşğulluğun təmin edilməsi və sair kimi kompleks məqsədlərə söykənir”, - deyə Vüqar Rəhimzadə bildirib.
YAP Xətai rayon təşkilatının sədri bu mühüm məqama da diqqəti yönəldib ki, Dövlət Proqramının Tədbirlər Planı 25 fərqli fəaliyyət istiqaməti üzrə ərazilərə Böyük Qayıdışla bağlı bütün mümkün aspektləri-yaşayış məntəqələrinin tikintisindən başlayaraq, məşğulluğun təmin edilməsinədək ən müxtəlif sahələri əhatə edir: “Artıq Böyük Qayıdışın ilk addımı atılıb. Zəngilanın Ağalı kəndinin sakinləri öz doğma yurd-yuvalarına qayıdaraq bu əraziyə yeni nəfəs verirlər. Bərpa-quruculuq işlərindən sonra əsas hədəf bu ərazilərin malik olduğu resurslardan istifadədir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi Dövlət proqramları, Milli Prioritetlər bu hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir”.