10.02.2026, 18:09
AZ EN
10.02.2026, 16:03 129

Vensin gəlişi Türkiyə-Azərbaycan tandemini gücləndirəcək

YAZILAR
  • “Azərbaycanın tam qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi və 24 saatlıq anti-terror əməliyyatından sonra beynəlxalq mediaya, o cümlədən Ermənistan jurnalistlərinə verdiyim müsahibələrdə həmişə vurğulayırdım ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyinin tam bərpası Ermənistanın da buxovlardan, yükdən azad olmasına, Ermənistanın da suverenliyinin artmasına xidmət edəcək".

"Vətən səsi" xəbər verir ki, bunu ReAl partiyasının sədri Natiq Cəfərli ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana və Azərbaycana səfərini şərh edərkən bildirib. O, Özünün "Facebook" səhifəsində yazdığı şərhində qeyd edib ki, Azərbaycan ordusu, faktiki olaraq, ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə, həm də Ermənistanın suverenliyini möhkəmlətdi, çəkə bilməyəcəkləri, altında əziləcəkləri yükdən azad etdi: "Təbii, yaxşı olardı ki, Ermənistan bunu vaxtında anlaya, sülh yolu ilə məsələnin həllinə razı olardı, amma, olmadı, qəhrəman Əsgərimiz bu vəzifəni layiqincə yerinə yetirdi.

Qarabağ məsələsinin ədalətli həlli, Azərbaycanın hərbi-diplomatik qələbəsi Ermənistanın daha rahat davranmasına, iqtisadi və siyasi “dalandan” çıxmasına, Rusiyanın boyunduruğundan addım-addım azad olmasına səbəb olur. Ukrayna bataqlığında batan, taktiki üsütünlük qazansa da strateji məğlubiyyətə doğru gedən Kreml Qarabağ məsələsinin həllindən sonra Cənubi Qafqazda ən böyük təsir alətini itirdi, ardınca da Türkiyə-Azərbaycan tandemi taktiki və strateji qərarlarla Rusiyanın bölgəmizdə zəifləməsinə nail oldu".

Natiq Cəfərli hesab edir ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bölgəmizə səfəri həm də bu kontekstdən dəyərləndirilməlidir. Onun sözlərinə görə, ABŞ bölgədə Rusiyadan ən çox asılı olan ölkəni - Ermənistanı öz qucağına alır: "Böyük investisiya layihələri və “Tramp Marşrutu” Ermənistanın dünya iqtisadiyyatına inteqrasiyasının yolunu açır. Faktiki olaraq, Ermənistan iqtisadi baxımdan Rusiyanın “muxtariyyət”i idi, hələ də asılılıq həddindən artıq çoxdur. Rusiya Ermənistanda dəmir yolu nəqliyyatı, atom enerjisi, elektrik enerjisi şəbəkələri və qaz təminatı kimi strateji sahələrdə dominantdır, bu sahələrdə Rusiyadan çox asılıdır”.

Natiq Cəfərli əlavə edib ki, Vensin Ermənistana səfəri zamanı imzalanan sənədlər məhz bu sahələri əhatə edir. Onun fikrincə, ABŞ addım-addım Rusiyanı bu sahələrdən sıxışdırıb çıxarmaq strategiyasını qəbul edib və bunun üçün taktiki addımlar atır: "Bu səfər həm də Nikol Paşinyan və komandasına 7 iyun seçkiləri öncəsi ən böyük dəstək mesajıdır: "Bu gedişat Azərbaycana srateji olaraq sərfəlidir, amma, iqtisadi yarışda geri düşməmək şərti ilə yaxşıdır. Yəni, Ermənistanla sülh müqaviləsi, qarşılıqlı tanıma, səfirliklərin açılması, iqtisadi münasibətlər - bunlar çox yaxşı, amma, Ermənistan bölgədə iqtisadi rəqib olaraq həmişə qalacaq, bölgəyə yönəlik investisiyalar uğrunda gedəcək mübarizədə əsas rəqibimiz olacaq. Azərbyacan öz coğrafi, enerji, əhali üstünlüyünü ağılla, strateji doğru qərarlarla üstünlüyə çevirməli, istənilən investisiya üçün ilk ağla gələn ölkə olmaq üçün çalışmalıdır. Bunun üçün isə yeni idarəetmə sistemi, ədalətli məhkəmələr, cəlbedici vergi-gömrük qanunvericiliyi olmazsa-olmazdır. Müharibəni və diplomatiyanı böyük üstünlüklə udub, iqtisadi rəqəbətdə geri düşmək olmaz, sürətlə dəyişən dünyaya uyğun olan çevik, rifaha indeksli, ədalətli sistem qurmalıyıq – bu qəhrəman şəhidlərimizin ruhu, böyüyən övladlarımız gələcəyi qarşısında boynumuzun borcudur".

Elxan SALAHOV

Oxşar xəbərlər