Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı səsləndirib.
Deputat qeyd edib ki, parlaq zəfərlər nəticəsində ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa edən Azərbaycan ötən ilin avqustunda Vaşinqtonda özünün sülh gündəliyini bütün dünyaya təqdim etdi. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə region yeni mərhələyə qədəm qoydu. Azərbaycan irəli sürdüyü şərtlər əsasında əldə olunan sülh davamlı inkişafa və qlobal əməkdaşlığa yol açdı.
“Azərbaycan Prezidentinin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması mərasimindəki çıxışında qeyd etdiyi kimi, son altı ay münasibətlərimizin inkişafı baxımından çox mühüm olub. Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb. Azərbaycan Ermənistana neft məhsullarının ixracına başlayıb. Hazırda ticarət əlaqələri genişləndirilir. Yəni bu gün artıq Azərbaycan ilə Ermənistan uzun illər davam edən münaqişə səhifəsini bağlayıb və ikitərəfli əsasda əməkdaşlıq edirlər”, - deyə o vurğulayıb.
M.Qasımlı bildirib ki, Cənubi Qafqaz regionuna yaxın coğrafiyalarda yaşanan gərginliklər, müharibələr fonunda dövlətimizin başçısının müdrikliyi sayəsində Azərbaycan ilə Ermənistan arasında sülhün və sabitliyin bərqərar olması böyük tarixi nailiyyətdir. Azərbaycanın müəyyənləşdirdiyi sülh modeli regionun təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə, parlaq gələcəyinə, dayanıqlı inkişafına əsaslı zəmin yaradır. (AZƏRTAC)