23.01.2026, 14:10
AZ EN
23.01.2026, 10:21 156

Davos görüşü Azərbaycan - ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcıdır

YAZILAR
  • Yanvarın 22-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında baş tutan görüş iki ölkə arasındakı münasibətlər baxımından mühüm hadisə kimi dəyərləndirilir. Beynəlxalq siyasi və iqtisadi proseslərin müzakirə edildiyi bu nüfuzlu platformada keçirilən görüş strateji tərəfdaşlığın daha da möhkəmlənməsi üçün yeni imkanlar açır.

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasət komitələrinin üzvü Vüqar Bayramovun sözlərinə görə, görüşdə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Deputat bildirib ki, hazırda Azərbaycan ilə Birləşmiş Ştatlar arasında strateji tərəfdaşlığın formalaşması və dərinləşməsi müşahidə olunur. Onun fikrincə, siyasi və strateji əməkdaşlıqla yanaşı, iki ölkə arasında enerji, ticarət və tranzit sahələrində regional bağlantılar, həmçinin süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə istiqamətləri də genişlənməkdədir.

Vüqar Bayramov qeyd edib ki, 2025-ci ilin ilk 11 ayında ABŞ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 1 milyard 365 milyon dollar təşkil edib. Bu müddət ərzində Azərbaycanın Birləşmiş Ştatlara qeyri-neft-qaz məhsulları ixracı 54 milyon 491 min dollar olub. Deputatın sözlərinə görə, strateji əməkdaşlığın güclənməsi Azərbaycanın ABŞ ilə qeyri-neft ixrac dövriyyəsinin daha da artmasına səbəb olacaq.

Eyni zamanda vurğulanır ki, ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə şərait yaradır. Bu isə ölkədə iqtisadi diversifikasiya siyasətinin həyata keçirilməsinə mühüm dəstək deməkdir. Bu kontekstdə ABŞ - Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin Azərbaycana daxil olması, ABŞ-ın ölkə iqtisadiyyatında fəallığının artması anlamına gəlir.

Ümumilikdə, Davosda iki prezident arasında səmimi mühitdə keçirilən bu görüş Azərbaycan - ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyur və gələcək əməkdaşlıq üçün daha geniş perspektivlər vəd edir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər