01.12.2024, 21:23
AZ EN
14.10.2022, 13:00 536

Paşinyan iki daş arasında qalıb

YAZILAR
  • Ermənistanın müxtəlif  saytlarının yazdığına görə, baş nazir Nikol Paşinyan xüsusilə Praqa görüşlərindən sonra konkret nə edəcəyini  bilmir. “Lurer.com”un oktyabrın 14-də yaydığı “Paşinyan iki daş arasında qalıb. Sülh müqaviləsinə  “kim kirvə” olacaq” sərlövhəli analitik yazıda isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün göstərilən səylərə fərqli münasibət bildirilir.

Qeyd olunur ki, Azərbaycan öz mövqeyini daim müstəqil şəkildə ortaya qoyub  Ermənistana şərtlər diktə etdiyi halda, Ermənistan Qərblə Rusiya arasında vurnuxur. Qafqazda əmin-amanlığın, sabitliyin olmasında Qərbin və ABŞ-ın maraqları ilə Rusiyanın maraqlarının uyğun gəlmədiyini  xatırladan agentlik vurğulayır ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvndən biri olan Fransa Ermənistanı hər zaman dəstəklədiyinə görə ermənilər bu ölkənin sərhədlərin müəyyənləşməsində və təsdiqlənməsində bilavasitə iştirak etməsini istəyir, Azərbaycan isə bununla razı olmur və olamayacaq da. Müəllif daha sonra yazır ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa edilməsi üçün edilən çağırışlar da Azərbaycan tərəfindən qınanılır. Ermənistan və Qarabağdakı separatçı rejim müxtəlif təşkilatlara, dövlətlərə göndərdikləri  məktublarda qrupun fəaliyyətinin bərpasına kömək edilməsi üçün necə deyərlər, yalvarışlarda olsa da, Azərbaycan və Türkiyənin qətiyyətli mövqeyi öz bəhrəsini verir.

Rusiyanın Ukraynaya qarşı apardığı ədalətsiz müharibəyə görə başının qarışdığını bildirən analitik bir sıra faktlar əsasında sübut etməyə çalışır ki, Rusiya Cənubi Qafqazdan çıxmamaq üçün yenə də əlindən gələni edir. Həm Azərbaycana, həm də Ermənistana, yeri gələndə müəyyən təzyiqlər etməyi vərdiş halına salan Rusiyanın Cənubi Qafqazı daim öz təsir dairəsində saxlamağa çalışdığını, Qərbin və ABŞ-ın isə Rusiyanın sözügedən bölgədən çıxması üçün adekvat addımlar atması vurğulanan bu analitik yazıda Qarabağdakı erməni separatçılarının Azərbaycanın tərkibində olmaqdansa, Rusiyaya birləşməyi istəmələri isə Qərbin, xüsusilə, Ermənistanın daimi havadarı olan  və “Böyük Ermənistan” saxtakarlığının müəlliflərindən olan Fransanın qınağı ilə qarşılanır. Ermənistana sevgisini hər zaman nümayiş etdirən Fransanın bu ilin sentyabrında ermənilərin törətdikləri təxribatların məsuliyyətini Azərbaycan daşıdığını deməsi isə vaxtilə türklərin qılıncının altından keçib öz mövcudluğunu qoruyan fransızların törəmələrinin ədalətsizliyini, nankorluğunu bir daha sübuta yetirir. 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “bu ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər” deməsindən sonra bu işdə vasitəçi olmağı istəyən İran da bəzi məsələlərdə məhz Fransa kimi hərəkət edir. Azərbaycan rəsmiləri ilə görüşdə bir söz, Ermənistan rəsmiləri ilə görüşdə isə başqa söz və ifadələr işlədən İranın  özünün Fransa tərəfindən idarə olunduğunu iddia edən agentlik onu da vurğulayır ki, Türkiyə kimi söz sahibi olan ölkənin Azərbaycanı dəstəkləməsi təkcə Fransa və İranın deyil, həm də Qərbin və Rusiyanın da bir çox məsələlərdə geriyə addım atmasına şərait yaradır. “Fransanın Türkiyədən siyasi və hərbi potensial baxımından zəif olması Azərbaycanın xeyrinədir və reallıq dəyişmədikcə bu belə də olacaqdır”-, deyə agentlik sərhəd məsələsini Ermənistanla Azərbaycanın özlərinin həll etməsinin ən düzgün variant olduğu qənaətinə gəlir və yazır ki, “indi gözləməliyik, görək, sülh sazişi nə vaxt, harada və kimin “kirvəliyi” ilə imzalanacaq”. Amma bir qədər sonra erməni həyasızlığı ilə bildirir ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşib təsdiqlənməsinin “arsaxa” heç bir aidiyyatı yoxdur. Azərbaycanın mövqeyi isə çoxdan məlumdur : Qarabağdakı ermənilərə heç bir status verilməyəcək.

Nəsib QARAMANLI

Oxşar xəbərlər