Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın və “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın təsdiq edilməsi haqqında 17 sentyabr 2022-ci tarixli Fərman imzalayıb.
“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının icrası ilə əlaqədar qəbul edilmiş qərara əsasən, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısına daxil edilməyib. Buna görə də “Vətən səsi”nin kağız daşıyıcıda çapı dayandırılıb.
Onu da qeyd edək ki, 1992-ci ilin aprelindən nəşrinə başlanmış qəzetin indiyədək 1500 nömrəsi çapdan çıxıb. Dövlət müstəqilliyinin bərpasından sonra yaranan milli mətbuat nümunələrindən biri kimi qəzet ilk gündən ulu öndər Heydər Əliyevin siyasi baxışlarına sadiqliyi, onun hakimiyyətə qayıdışının və genişmiqyaslı quruculuq fəaliyyətinin təbliğatçısı olub, qaçqınlıq və məcburi köçkünlüklə bağlı məsələlərin, bu problemlərin həlli üzrə Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu dövlət siyasətinin hərtərəfli işıqlandırılmasına çalışıb, tarixi-mənəvi dəyərlərimizin qorunub saxlanmasına və zənginləşdirilməsinə, gənc nəslə yüksək vətənpərvərlik ruhunun aşılanmasına sanballı töhfələr verib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2011-ci il tarixli 109 nömrəli qərarına əsasən, “Vətən səsi” qəzetinin redaksiyası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların tərkibinə daxil edilib.
Ötən il Azərbaycan Respublikası Prezidenti Administrasiyası dövlət qurumlarına çap məhsullarının tədricən alternativ resurs kimi e-qəzet, e-jurnal platformalarına keçidi barədə tövsiyəsi əsas götürülərək, “Vətən səsi”nin də onlayn qəzetə çevrilməsi üçün zəruri tədbirlər həyata keçirilib. Hazırda qəzet qaçqınlar və məcburi köçkünlər, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı onlayn media subyekti kimi “vetensesi.az” ünvanında fəaliyyətini davam etdirir. Kağız daşıyıcıda qəzetin çapının dayandırılması redaksiyanın onlayn fəaliyyətinin daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə imkan yaradır. Qəzetin sosial şəbəkə hesablarının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilir. “Facebook”da qəzetin izləyicilərinin sayı 5 minə çatır. İnstagram və Youtube platformalarında fəaliyyətin genişləndirilməsi, həmçinin yeni yaradılmış Telegram kanalının canlandırılması istiqamətində işlər davam etdirilir.
“Vətən səsi”nin kağız daşıyıcıda arxivi ölkəmizin ictimai-siyasi həyatının aynası, müasir tariximizin tədqiqatçıları üçün zəngin bir mənbədir. Redaksiya qəzetin onlayn media subyekti kimi səmərəli fəaliyyətini təmin etməyə və sanballı elektron arxivini yaratmağa da eyni diqqət və məsuliyyətlə yanaşacaqdır.