Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
“Ötən il Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması qarşılıqlı hörmət və etimada söykənən əməkdaşlıq münasibətlərini yeni müstəviyə qaldırdı. Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə məxsusi verdiyi müsahibədə qeyd etdiyi kimi, Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır”, - deyə deputat qeyd edib.
Mircəlil Qasımlı bildirib ki, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirən Azərbaycan Çin ilə ikitərəfli münasibətlərin davamlı inkişafına böyük önəm verir. Xüsusən, son illər iki ölkə arasındakı əlaqələrdə yüksək dinamika mövcuddur. Bu xüsusda, dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərini, müxtəlif istiqamətlərdə yeni əməkdaşlıq münasibətlərinin qurulmasını qeyd etmək olar.
Deputat diqqətə çatdırıb ki, daim bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşan ölkələrimiz öz fəaliyyətləri ilə regional və qlobal müstəvidə sülhü, sabitliyi, inkişafı, qarşılıqlı əməkdaşlığı təşviq edirlər. Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Azərbaycanın Çinin müxtəlif şəhərlərində fəaliyyət göstərən ticarət və şərab evləri tərəfdaş ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafında önəmli rola malikdir.
Vurğulanıb ki, ölkəmiz tərəfdaşlarla birgə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini uğurla həyata keçirdi. “Orta Dəhliz” layihəsinin mühüm tərkib hissəsi olan bu layihə Azərbaycanın logistika potensialının inkişafına mühüm təkan verməklə, Çindən Avropaya yüklərin daha qısa zaman kəsiyində daşınmasına önəmli töhfə verir.
Ölkələrimiz arasında humanitar əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyən deputat bildirib ki, Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq xalqlarımız arasında dərin köklərə malik əlaqələrin genişləndirilməsində mühüm rola malikdir. Eyni zamanda, ölkələrimizin ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir. Ötən il Azərbaycan Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq etdi. Dövlətimizin başçısının da bildirdiyi kimi, ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək.
“Azərbaycan Prezidentinin Çinə dövlət səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə təkan verəcək, o cümlədən müxtəlif sahələrdə yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcək. Ölkə liderlərinin səyləri nəticəsində inkişafının yeni mərhələsinə qədəm qoyan bu əməkdaşlıq dost xalqlarımızın maraqları naminə daha da genişlənəcək”, - deyə deputat qeyd edib. (AZƏRTAC)