Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib.
“Forum zamanı taleyüklü bir çox məsələlərə toxunan Prezident İlham Əliyev, həmçinin diqqətə çatdırdı ki, sabit siyasi sistemimiz və vahid milli ideya ətrafında səfərbər olmuş cəmiyyətimiz mövcuddur: “İkinci Qarabağ müharibəsindəki Qələbə bu birliyi daha da gücləndirib. Brüsseldə və Strasburqdakı bürokratlar sanki özlərinin başqa planetində yaşayırlar və hesab edirlər ki, hər kəs onlara daha yaxın olmaq istəyir. Həmin dövr çoxdan keçmişdə qalıb, ən azı Azərbaycan üçün. Bəli, biz tərəfdaşlığa və dostluğa açığıq. Ancaq o halda ki, bizim daxili işlərimizə müdaxilə edilmir və bizə yad olan dəyərlər bizə aşılanmır. Bu, bizim mövqeyimizdir”.
Bununla da Prezident İlham Əliyev Avropa Komissiyası və Avropa İttifaqının ölkəmizə qarşı ikili standartlardan yanaşdığını dünyanın diqqətinə çatdırdı. Nəzərə almaq lazımdır ki, son illərdə istər Avropa Komissiyası, istərsə də Avropa İttifaqı ölkəmizə qarşı qərəzli münasibət sərgiləyir və işğalçı Ermənistana dəstək nümayiş etdirir. Bu mənada, Prezident İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı hər zaman olduğu kimi, böyük bir cəsarət nümunəsi idi. Yəni dünyaya Azərbaycan həqiqətlərinin bəyan olunması faktı idi”, - deyə o əlavə edib.
Deputat diqqətə çatdırıb ki, Prezident ölkəmizin yeni dünya nizamındakı rolu barədə mühüm məsələlərə toxunub: “Dövlətimizin başçısının xüsusi vurğuladığı məqamlardan biri də Avropa Komissiyası və Avropa İttifaqının ölkəmizə qarşı mövqeyi idi. Əfsuslar olsun ki, bəzi Avropa təşkilatlarında Azərbaycana qarşı hər zaman ikili standartlar və qərəzin şahidi olmuşuq. Onlar Azərbaycanın reallıqlarını görməzdən gəlirlər. Əslində, biz 30 ilə yaxın müddət ərzində müəyyən gözləmə mövqeyi tutaraq münaqişənin sülh yolu ilə həll olunmasını istədik. Lakin bəzi Qərb dairələrinin ədalətli davranmasını gözləməyin heç bir mənası olmadığını gördük. Nəticədə 44 günlük Vətən müharibəsində beynəlxalq hüquqa uyğun olaraq haqqımızın öz ordumuz tərəfindən alınması ilə nəticələnən Qələbəmiz ən böyük həqiqətimiz oldu”.
Ötən ilin noyabrında Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə dünyaya yeni bir nizam təqdim etdiyini vurğulayan müsahibimiz deyib: “Rəsmi Bakı hər zaman sülh tərəfdaşı kimi çıxış etdi və bunu gözəl şəkildə sərgilədi. Üstəlik, ölkəmiz bunu həm fikirdə, həm də əməldə etdi. Lakin Avropa İttifaqı da, Avropa Komissiyası da hər dəfə bu mövqeyimizi görməzdən gələrək Ermənistana dəstək verdilər. Hətta Azərbaycan əleyhinə bəyanatlar, qətnamələr və sanksiyalar qəbul etdilər. Xüsusilə Avropanın timsalında bunu daha çox gördük. Ancaq Avropa Parlamentində və ya Avropa Şurasında ölkəmiz əleyhinə qəbul edilən qətnamələr kağız parçasından başqa bir şey deyil, hansısa hökmü yoxdur. Onlar sadəcə olaraq hər vəchlə ölkəmizin qarşısını kəsməyə çalışırlar”.
Deputat fikrini bu sözlərlə yekunlaşdırıb: “Göründüyü kimi, Prezident İlham Əliyev yeni dünya düzəninin qurulmasını, ilk növbədə, Cənubi Qafqazda sabitliyin bərpası yönündə hazırladığı planlardan başlamaq fikrindədir. Bunun üçün dəyər və meyarlarına sadiqdir, öz təklif və tələblərini irəli sürür, dostlarla da, düşmən mövqedə dayananlarla da onların öz dilində danışır. Əlbəttə ki, hər bir ölkə üçün perspektiv onların hansı mövqedə dayanması ilə şərtlənəcək. Bütün hallarda Azərbaycan və onun lideri öz mövqeyində sabit, dəyişməz, qətiyyətli və güclüdür”. (AZƏRTAC)