18.06.2025, 03:47
AZ EN
04.04.2025, 13:21 256

Bəhruz Məhərrəmov: "Zəfərimizin kökündə ilk yerlərdən birini məhz Aprel qələbəmiz tutur"

YAZILAR
  • "Aprel qələbəmiz Ermənistanda Sarkisyan-Köçəryan murdar cütlyünün və xunta rejiminin bütün dayaqlarının sonu oldu".

Bunu mətbuata açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki. Aprel döyüşləri, heç şübhəsiz ki, böyük Zəfərə gedən yolumuzda ilk uğurlu sınağımız oldu: "Texniki olaraq aprel döyüşlərində biz Ordumuzun döyüş qabiliyyətini, ən müasir silah və sursatı, xüsusən 6-cı nəsil hərbi texnologiyanı yerli şəraitdə, real müharibə zəminində tətbiqi baxımdan yoxlamaq imkanı əldə etdik. Mənəvi baxımdan isə aprel əməliyyatları Azərbaycan insanının əzmi və milli vəhdətinin sınağı üçün mühüm bir mərhələ oldu. Biz xalq olaraq bu sınaqdan üzüağ çıxdıq. 25 il sonra, nəhayət ki, o zaman hələ də işğalda olan ərazilərimizin bir qismini işğaldan azad etdik, Böyük Qayıdışın ilk mini formatını reallaşdırdıq, Cocuq Mərcanlı misalında işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə nələr edə biləcəyimizi göstərdik.

Aprel döyüşləri Ermənistan hakimiyyətinin, cinayətkar xunta rejiminin formalaşdırdığı və ermənilərin də sidq ürəklə inandığı "məğlubedilməzlik" mifini darmadağın etdi. 2016-cı ilin aprelinə qədər Ermənistanda bu fikirdə idilər ki, heç kəs Ohanyan səddini keçə bilməz, amma Azərbaycan hərbçisi bunu bir neçə saata etdi. Aprel qələbəmiz, həmçinin Ermənistanda Sarkisyan-Köçəryan murdar cütlyünün və xunta rejiminin bütün dayaqlarının sonu oldu.

Bu mənada, biz Aprel döyüşlərinə yalnız uğurlu hərbi əməliyyat kimi yox, Müzzəfər Ali Baş Komandan İlham Əliyev tərəfindən reallaşdırılan və regionun taleyini dəyişən mürəkkəb hərbi-siyasi hadisə kimi yanaşmalıyıq. Heç şübhəsiz ki, bizim Vətən müharibəsi zəfərimizin kökündə dayanan vacib amillərin arasında ilk yerlərdən birini məhz Aprel qələbəmiz tutur.

Aprel döyüşlərində qəhrəmanlığın təməlini möhkəmlədən bütün şəhidlərimizi rəhmət və sevgi ilə anır, döyüş iştirakçılarına isə hörmət və ehtiramımızı çatdırırıq".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər