Bu sözləri Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.
O bildirib ki, kənddə öz doğma yurduna qayıdan keçmiş məcburi köçkün soydaşlarımızın təhlükəsiz və firavan yaşayışı üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyevin kənd sakinləri ilə görüşdə söylədiyi kimi, beynəlxalq jurnalistlərin “Qafqazın Xirosiması” adlandırdığı Ağdamın işğal dövründəki mənzərəsi erməni faşizminin ən yüksək nöqtəsi olduğunu təsdiqləyir.
Deputat deyib: “Azərbaycan öz qətiyyəti, öz gücü hesabına erməni separatizminin kökünü kəsdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlar işğaldan azad edildikdən sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda da “elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq” söyləmişdi. Ağdamın hər yerində həqiqətən də yeni inkişaf mərhələsi başlayıb. Şəhərlə yanaşı Ağdamın kəndlərində də yüksək səviyyəli quruculuq işləri aparılır. Xaçınçay su anbarının bərpa olunması sayəsində Suqovuşandan gələn kanal vasitəsilə Ağdamın bütün ərazisi və qonşu rayonların əraziləri su ilə təmin olunacaq. Bu da işğal dövründə Ermənistan tərəfindən süni yaradılan su probleminin birdəfəlik həlli deməkdir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki həftə əvvəl Ağdərənin Həsənriz kəndinə də səfər etdilər, Suqovuşanda yeni mənzillərə köçən sakinlərə evlərin açarları təqdim olundu. Suqovuşan kəndinə ilk köç prosesi 20 ailəni əhatə edib, Həsənriz kəndi üzrə indiyə qədər köç üçün siyahıya düşənlərin sayı 260-a çatıb. Sarıcalı isə keçmiş köçkünlərin qayıtdığı sayca 13-cü yaşayış məntəqəsidir. Bir sözlə, azad olunmuş bütün ərazilərdə yeni həyat başlayıb. Dövlətimizin başçısının da söylədiyi kimi, “bütün bunlar öz gücümüzə həll olunan layihələrdir, məsələlərdir. Azərbaycan dövləti bu gün bu işləri görməyə qadirdir. Bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir”. (AZƏRTAC)