Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
Ekspert bildirib ki, 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artırılaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə görə, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir.
“Fransa artıq 26 ədəd “Bastion” zirehli transportyorunun 10-nun istehsalını başa çatdırıb və yaxın vaxtlarda Ermənistana göndəriləcəyini açıqlayıb. Bu, həm də onu göstərir ki, Fransa Ermənistana heç də özünün tərəfdaşı kimi yanaşmır. Normal müttəfiqlik münasibətləri tələb edir ki, Fransa Ermənistanı sülh prosesinə təşviq etsin. Lakin Fransa Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalayıb Türkiyə ilə yaxınlaşmasından qorxur. Gələcəkdə Ermənistandan siyasi təsir vasitəsi kimi istifadə edə bilməyəcəyini düşünən Fransa ideoloqları beləliklə, öz siyasət tarixlərinin ən pis dövrünü formalaşdırırlar.
“Global Firepower”nin (GFP) 2025-ci il üzrə dərc etdiyi hesabatda Ermənistan 144 ölkə arasında 91-ci yerdə qərarlaşıb. Ermənistan sürətlə silahlandığı üçün ötən illə müqayisədə reytinqdə 10 pillə “yerdəyişmə edib”. Nikol Paşinyan administrasiyası Ermənistan ictimai rəyində kifayət qədər aşağı olan reytinqinin fərqindədir. Buna görə də gələn il keçiriləcək seçkilərdən əvvəl məqsədli formada hərbi ritorikanı gündəmdə saxlayır. Paralel olaraq isə Avropa İttifaqının missiyasının binokl şousu arxasında Ermənistanın hərbiləşdirilməsi region üçün potensial risklər yaradır”, - deyə T.İsmayılov vurğulayıb.
O əlavə edib ki, sonuncu sosioloji sorğuda Ermənistan vətəndaşlarının fikrincə, əsas problemlər xarici təhlükəsizlik, sərhəd məsələləri və yeni müharibə ehtimalıdır. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan hakimiyyəti, əslində, müxalifətlə tandemdə revanşizmin ictimai rəydə aparıcı ideologiya kimi qalmasında maraqlıdır. (AZƏRTAC)