"Vətən səsi" xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. O, Ermənistanla sülhə dair çərçivə sazişinin COP29-a qədər imzalanması ehtimalından danışarkən deyib ki, hazırkı proseslər sülh razılaşmasına təkan verə bilər. Onun fikrincə, sənəddə əksini tapmış məsələlərin bir qisminin icrası gələcəkdə mümkün olacaq: "COP29 ərəfəsində çərçivə sazişinin imzalanması orada əksini tapmış bütün məsələlərin həlli anlamına gəlmir, daha çox siyasi əhəmiyyət kəsb edən mövzular var bu istiqamətdə danışıqlar davam etməlidir. Yəni, Azərbaycanla Ermənistan arasında sual doğuran məsələlərin həlli uzun vaxt tələb edir. Çünki çərçivə sazişində bir neçə bəndin razılaşdırılması çətin və mürəkkəb prosesdir".
Sabiq nazir vurğulayıb ki, çərçivə sazişində iki məsələ Azərbaycan tərəfindən əsas şərt kimi irəli sürülüb. Bunlardan biri Ermənistan Konstitusiyasının dəyişdirilməsini, digəri isə ATƏT-in Minsk qrupundan imtina edilməsini nəzərdə tutur: "Amma digər məsələlərin də razılaşdırılması asan deyil. Xüsusilə indiki mərhələdə sərhədlərin dəqiqləşdirilməsi və ərazi bütövlüyünün qarşılıqlı tanımaq çox çətindir. Çünki delimitasiya və demarkasiya prosesi hələ başa çatmayıb".
Elxan SALAHOV