Bunu politoloq Turan Rzayev açıqlamasında ifadə edib.
O, qeyd edib ki, avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub: "Diqqətçəkən əsas məqam isə imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”sidir.
Bu müqavilə ilə iki ölkə rəsmi səviyyədə müttəfiq oldu. Bundan başqa, Özbəkistan Azərbaycanın Türkiyədən sonra ikinci rəsmi müttəfiqi statusunu aldı".
Politoloq daha sonra əlavə edib ki, prinsip etibarilə Özbəkistan-Azərbaycan münasibətləri son illərdə yüksək səviyyəyə çatmışdı: "Yəni iki ölkənin müttəfiq olması an məsələsi idi. Nəticə etibarilə bu reallaşdı.
Türkiyə və Özbəkistandan sonra üçüncü rəsmi müttəfiqimizin Qazaxıstan olması mümkündür. Astana-Bakı münasibətləri də yüksək səviyyədədir. Yəni Türkiyə və Özbəkistanın ardınca Qazaxıstan da Azərbaycanla müttəfiqlik haqqında saziş imzalaya bilər",- deyə T.Rzayev vurğulayıb.
Tahirə AĞAMİRZƏ