Onun sözlərinə görə, bu qərar beynəlxalq oyunçular, o cümlədən BMT tərəfindən birbaşa dəstəklənir: “Rusiya və İran da öz növbəsində bunu nəzərə alıb və bu qərara təsir etmək iqtidarında deyil”. Areşevin fikrincə, İranın reaksiyası diplomatik fəaliyyətə və Bakı ilə mümkün danışıqlara uyğun olacaq: “Qətiyyətli addımlara gəlincə, İranın bir çox başqa problemləri var, Tehran üçün Cənubi Qafqaz regionunda sabitlik vacibdir”- deyə politoloq əlavə edib.
“Bu gün Ermənistan daha çox Fransa qismində avrointeqrasiya yolunu tutur, silahlanır, revanşizm ideologiyasının gücləndirilməsi məsələləri ortaya çıxır. Amma istər-istəməz bu ümidlər də fiaskoya uğradıqdan sonra Türkiyənin Cənubi Qafqazda regional güc kimi qəbul edilməsi prosesi başlayacaqdır”. Bunu politoloq İlyas Hüseynov Qafqaz TV-yə məsələyə münasibət bildirərkən deyib. O, bildirib ki, artıq onların ilkin kontorları da görünməkdədir: “Müxtəlif danışıqlar, təmaslar, məsləhətləşmələr keçirilir və burada enerji, eləcə də nəqliyyat sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunmaqdadır. Bu da, əlbəttə ki, regionun xeyrinədir. Regionda təhlükəsizlik sisteminin gücləndirilməsi istiqamətindədir. Belə formatlar əlbəttə ki, təqdir edilir. Eyni zamanda Türkiyə hazırkı reallıqlarda, elə əvvəlki dövürdə də Azərbaycanın milli maraqlarının qorunması yönündə addımlar atır. Bu da Türkiyə-Azərbaycan dostluğunun, əbədi qardaşlığının və hərbi-siyasi müttəfiqliyinin mühüm göstəricisidir”, - deyə İ.Hüseynov vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ