Bu fikirləri YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli bildirib.
Bəhs olunan dönəmlə bugünkü reallıqların müqayisəsi zamanı bir sıra məqamların xüsusi olaraq diqqəti cəlb etdiyini deyən N.Qələndərli söyləyib: “O vaxt atəşkəs daha çox Azərbaycana lazım idi. Çünki torpaqları işğala məruz qalmış dövlət Ermənistanın xarici himayədarlarının dəstəyi ilə davam etdirdiyi təcavüzün qarşısını almaq və ədaləti bərpa etmək üçün “taymaut” götürməli, iqtisadi və hərbi-strateji addımlar ataraq ordu quruculuğuna nail olmalı idi. Azərbaycan buna müvəffəq oldu – vaxt qazandı, iqtisadi potensialını, hərbi qüdrətini artırdı, beynəlxalq mövqeyini möhkəmləndirdi və nəhayət, ərazi bütövlüyü və suverenliyinin bərpasını gerçəkləşdirdi. Bu gün isə postmüharibə reallıqları fonunda sülh daha çox məğlub Ermənistana - kapitulyant İrəvana gərəkdir. İndi sülhə tələsməyən Ermənistan gecikir – vaxt itirir. Vaxt itkisi isə daha böyük itkilərə səbəb olur – siyasi böhran genişlənir, iqtisadi tənəzzül sürətlənir, regional təcrid dərinləşir".
N.Qələndərli sonda əlavə edib: “Digər bir mühüm məqam budur ki, Azərbaycan atəşkəs rejiminin yaradılmasından istifadə edərək öz milli gücünü, hərbi-strateji resurslarını artırmaqla “sülhün alternativi yoxdur” deyənlərin mövqeyinə rəğmən, döyüş meydanında vəziyyəti dəyişdirdi. Bu gün isə “sülhə alternativ yoxdur” deyimi tam olaraq İrəvan üçün keçərli – adekvatdır. Çünki Azərbaycan qarşısında ağır - əzici məğlubiyyətə uğrayan, hərbi potensialı məhv olan Ermənistan nə revanş almaq, nə də reallığı dəyişdirmək iqtidarındadır. İrəvan üçün başqa yol yoxdur – ya sülh, ya da sülh”. (AZƏRTAC)