27.07.2024, 13:47
AZ EN
26.02.2024, 08:28 231

Xocalıda dalğalanan Bayrağımız soyqırımı qurbanlarının qanının yerdə qalmadığını nümayiş etdirir

YAZILAR

Gözün aydın Xocalı, biz qayıdırıq!

Bu günü böyük səbirsizliklə hər il, hər ay, hər gün gözləmişik. 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra bu inam daha da möhkəmləndi. İşğalçı Ermənistan ordusunun doğma dədə-baba yurdlarından didərgin saldığı keçmiş məcburi köçkün soydaşlarımız, demək olar ki, hər gün isti ocaqlarına qayıdacaqları günü gözləyirdilər. Nəhayət, 2020-ci ilin noyabrında bu inam reallığa çevrildi. Yenilməz Ordumuz düşməni darmadağın edərək tarixi Qələbə qazandı. Prezident İlham Əliyevin 2003-cü ildə andiçmə mərasimində Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq əminliklə və qətiyyətlə “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, – verdiyi vəd artıq reallığa çevrilib. Otuz ildən sonra Azərbaycan Ordusu düşmənin başını əzərək torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə yenilməz Ordumuzun Qarabağda apardığı antiterror tədbirlərindən sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Əsgəranda Azərbaycan Bayrağını qaldırdı. Həmin gündən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi.

Bu fikirləri açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O deyib ki, 32 il əvvəl Ermənistan ordusu qəddarcasına Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan etdi və tarixdə bənzəri olmayan soyqırımı törətdi. Faşistlərdən də artıq qəddarlıq, misli görünməmiş faciə nümayiş etdirən erməni cəlladları qocaya, uşağa, xəstəyə, qadına aman vermədilər. Beynəlxalq birliyin hələ də laqeyd qaldığı bu faciə dünya tarixində dinc əhalinin kütləvi qətliamı- Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sıradadır. Bu tükürpədici hadisələrdən 32 il keçməsinə baxmayaraq, xalqımız hələ də həmin faciənin ildönümünü qəm, qüssə, kədərlə yad edir, hər il Xocalı şəhidlərinin anım mərasimlərini keçirir. Təsəllimiz budur ki, bu illər ərzində Azərbaycan gücləndi, beynəlxalq aləmdə özünəlayiq yerini tuta bildi və dünyada qalib dövlət kimi tanındı. Artıq ölkəmizlə dünyada hesablaşırlar.

Siyasi şərhçi bildirib ki, faciənin 32-ci ilini həm kədərlə, həm də sevinclə qarşılayırıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuz bütün şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin qisasını aldı. 2023-cü ilin sentyabrında Qarabağda aparılan 23 saatlıq lokal xarakterli antiterror tədbirləri erməni separatizminin kökünü birdəfəlik kəsdi. Xocalılara, ümumiyyətlə, soydaşlarımıza qarşı qətliamlar törədən erməni faşistlərinin başçıları həbs olunaraq istintaqa cəlb olunublar. Onlar qanun qarşısında cavab verəcəklər. Prezident İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqla bütün dünyaya sübut etdi ki, Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışa bilməzdi. Dünya birliyi şahid oldu ki, Qarabağ Azərbaycandır! Bu sevinci xalqımıza bəxş edən müzəffər Ali Baş Komandan İlham Əliyevlə və Silahlı Qüvvələrimizlə fəxr edirik!

Ə.Bədəlov deyib ki, Xocalıda Azərbaycan Bayrağının dalğalanması soyqırımı qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir. Bu, Ermənistana, onun qatı tərəfdarı olan Fransaya və digər ermənipərəstlərə göz dağıdır. Bu günü hər birimiz səbirsizliklə gözləyirdik. Əmin idik və inanırdıq ki, bu gün gələcək. Gəldi də. Hazırda Qarabağın bütün ərazisində, o cümlədən Xocalıda genişmiqyaslı tikinti-bərpa işləri davam etdirilir, yaşayış yerləri və infrastruktur tikilir. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, “Allaha şükür” deyir. Çünki keçmiş məcburi köçkünlər böyük coşqu ilə doğma ocaqlarına qayıdırlar. Artıq xocalılar da dədə-baba torpaqlarına qayıtmağa hazırlaşırlar. Yaxın vaxtlarda 50 ailənin doğma Xocalıda məskunlaşacağı planlaşdırılır. Xocalı faciəsi başlayanda 2-3 yaşı olan, valideynlərini itirən uşaqlar indi doğma ocaqlarına özləri valideyn kimi qayıdırlar. Özü də uşaqlarının əlindən tutaraq qayıdırlar.

Siyasi şərhçi qeyd edib ki, bu gün hər bir soydaşımız, xüsusilə xocalılar sevinclə, qürurla Xocalıya gözaydınlığı verir: “Gözün aydın, Xocalı. Biz qayıdırıq, özü də həmişəlik. Bu dəfə bizi heç bir qüvvə səndən - isti ocaqlarımızdan ayıra bilməz. İndi Azərbaycan 20-30 il əvvəlki deyil. Bu gün Azərbaycan dünyanın ən güclü, ən qüdrətli dövlətlərindən, Silahlı Qüvvələrimiz isə dünyanın 50 güclülərindən birdir. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində xalq yenidən Prezident İlham Əliyevə etimad göstərməklə ən doğru seçim etdi. Bununla da ölkəmizdə yeni eranın əsası qoyuldu. Xoş gördük Xocalı. Biz gəlirik. Yolumuzu heç bir qüvvə kəsə bilməyəcək”. (AZƏRTAC)

Oxşar xəbərlər