"Hraparak"ın müxbiri Hayk Gevorkyanın bu gün paylaşdığı "Xalqın əksəriyyəti revanşçı olmalıdır" başlıqlı məqalədə göstərilir ki, 1988-ci il fevralın 20-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin deputatları növbədənkənar iclasda sözügedən ərazinin Ermənistana birləşdirilməsi barədə qərar qəbul etdi və həmin qərar təsdiqlənmək üçün həm SSRİ, həm də Azərbaycan SSR və Ermənistan SSR ali sovetlərinə göndərildi. Amma bir az sonra hər iki respublikada fövqəladə vəziyyət elan olundu. Fevralın 26-da isə ümumrespublika mitinqi keçirilərək idarə heyəti 9 nəfərdən ibarət olmaqla "Qarabağ" komitəsi yaradıldı. Həmin vaxtdan ötən ilədək 20 fevralın "dirçəliş günü" kimi bayram edildiyini xatırladan jurnalist ermənilərə xas hiddətlə əlavə edib ki, bu il həmin "bayram" yasla əvəzlənib. Levon Ter-Petrosyan başda olmaqla o vaxtkı idarə heyətinin indi sağ olan üzvlərinin heç biri isə artıq ötən illəri xatırlayanda kövrəlir, yaxud ağlayırlar. Bu il fevralın 20-ni yas günü kimi qeyd edən ermənilərin həm də revanşçı olduğunu vurğulayan müxbir həyasızcasına məsləhət görür ki, təkcə onlar deyil, ümumiyyətlə hər bir erməni revanşçı olmalıdır. Sağlam düşüncədən uzaq olduğunu bir daha təsdiqləyən bu hay da, görünür, başlarına yeni yumruq vurulmasının həsrətini çəkir.
Nəsib Qaramanlı