İyun ayının ortalarından etibarən getdikcə zəifləyən «Dirəniş» hərəkatı müxtəlif vasitələrlə öz uğursuzluğunu sığortalamağa çalışır. İyunun 24-də Ermənistanın respublikası partiyasının şura üzvü Haik Derçiyan mətbuat konfransı keçirərək bildirib ki, iqtidarın və ayrı-ayrı müstəqil politoloqların Ermənistan müxalifətinin zəifliyi və sosial bazasız olduğu barədə fikirləri ilə bağlı dedikləri yalandır. O, əlavə edib ki, etiraz aksiyaları zamanı müxalifət qarşısına qoyduğu 3 məqsəddən ikisinə tam nail olub. Birinci məqsəd beynəlxalq ictimaiyyətə, ölkəyə gələn xarici qonaqlara erməni xalqının mənafeyinə uyğun olmayan proseslərə qarşı dirəniş olduğunu, ikinci məqsəd isə Paşinyan iqtidarının qeyri-legitimliyini göstərmək idi. Üçüncü məqsədin isə Paşinyanın və komandasının istefaya göndərilməsi olduğunu vurğulayan partiya funksioneri əlavə edib ki, biz buna nail olmasaq da aksiya zamanı böyük təcrübə topladıq. Liderlərinin çoxu vaxtilə vəzifədə, Koçaryan və Sarkisyanın isə hərəsi 10 il Ermənistan prezidenti olduğu dövrdə təcrübə toplamadıqları halda küçədə hay-küy salmaqla, Paşinyana türk deməklə hansı siyasi təcrübəni qazanmış oldular? H.Derçiyan bundan sonra da əhali arasında təbliğat aparacaqlarını bildirib və əminliklə vurğulayıb ki, erməni xalqı 2018-ci ildə Paşinyan və onun komandası tərəfindən aldadıldığını yəqin etdikdən sonra ayağa qalxaraq öz sözünü deyəcək.
Görünən isə odur ki, uğursuzluğunu hər cür ifadələrlə sığortalamağa çalışan erməni müxalifəti genetik xüsusiyyətləri ilə yeni bicliklər axtarışındadır.
Nəsib QARAMANLI