Azərbaycanın öz torpaqlarını 30 ildən sonra Ermənistanın işğalından azad etməsi Prezident İlham Əliyevin düşünülmüş strategiyasının, həmçinin ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, xalq-iqtidar birliyinin nəticəsidir. Dövlət başçımızın 20 il ərzində həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Azərbaycanı qalib ölkə kimi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Vətən müharibəsi başa çatdıqdan sonra dövlətimizin başçısının qarşıya qoyduğu əsas vəzifələrdən biri Ermənistanla sülh müqaviləsi imzalamaq olub. Lakin məğlub Ermənistan müxtəlif bəhanələrlə hələ də sülh müqaviləsini imzalamaqdan yayınır. Həm Ermənistan, həm də Fransa kimi qeyri-obyektiv ermənipərəst dövlətlər hələ də Azərbaycanın tarixi Qələbəsini həzm edə bilmirlər. Ancaq fakt faktlığında qalır. Fransa kimi ermənipərəstlər həm Azərbaycanın Qələbəsini, həm də Ermənistanın məğlubiyyətini həzm etmək məcburiyyətindədirlər.
Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
O deyib ki, Azərbaycan və Ermənistan arasında Moskva, Vaşinqton, Brüssel və digər formatlar çərçivəsində aparılan danışıqlarda sülhün əldə edilməsi istiqamətində inamın artdığı bir vaxtda Fransanın müxtəlif vasitələrlə münaqişəni yenidən bərpa etmək cəhdləri narahatlıq doğurur. Rəsmi Parisin Ermənistanı müasir silahlarla təmin etməsi, gah İrəvanda birgə hərbi təlimlər keçirməsi, gah da “zavallı ermənilərə” - işğalçıya xüsusi qayğı göstərməsi sülh prosesinə ciddi zərbə vurur və regionda gərginliyi daha da artırır. Fransanın beynəlxalq hüquqa zidd hərəkətləri yeni münaqişə ocaqlarının yaranmasına yönəldilib. Əgər regionda yeni münaqişə baş verərsə, təbii ki, Fransa buna görə, məsuliyyət daşıyacaq. Beynəlxalq ictimaiyyətə də bəllidir ki, Fransa müstəmləkəçi və soyqırımı törətmiş ölkədir. Bunu tarixi faktlar da təsdiqləyir. Görünür, indi bu ölkə Afrikadan qovulduqdan sonra öz çirkin əməllərini Cənubi Qafqazda davam etdirmək istəyir.
Ç.Qənizadə tarixi faktlara istinad edərək Fransanın soyqırımı törətmiş bir ölkə olduğunu deyib: “Bunu yaxın tarix də təsdiqləyir. Fransa müstəmləkəçiliyi ən sistemli şəkildə tətbiq edən ölkələrdən biridir. Bu ölkənin müstəmləkə imperiyası XIX-XX əsrlərdə dünyanın ikinci ən böyük müstəmləkə imperiyası olub. Fransız müstəmləkə imperiyasının ərazisi vətəni ilə birlikdə 1900-1939-cu illərdə 13 milyon 500 min kvadrat kilometrə çatmışdı. Bu ölçü həm də dünyanın ümumi ərazisinin 10 faizinə uyğun gəlirdi. Fakt üçün deyək ki, Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə fransızlar tərəfindən 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirmişdir. Bununla yanaşı, Fransa Vyetnamda da çox böyük soyqırımı həyata keçirmiş, əhalini ölkəni tərk etməyə, dinlərini dəyişdirməyə məcbur etmişdir. Fransa, həmçinin Cibutidə və Çadda dəhşətli soyqırımı törətmiş 100 minlərlə insanı vəhşicəsinə qətlə yetirmişdir. Hazırda Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı savaş Fransanın müstəmləkə dövrünün Afrika ölkələrinə qoyduğu acı mirasdır”.
Hüquq müdafiəçisi bu ölkənin soyqırımı və işğalçılıq siyasəti ilə əlaqədar fikirlərini davam etdirib: “Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımının səbəbkarıdır. Tarixi sənədlərdə də öz əksini tapan bu soyqırımında 5 milyondan çox müsəlman əlcəzairli həyatını itirib. Son 50 ildə 26 Afrika ölkəsində ümumilikdə 67 hərbi çevriliş baş verib. Bu çevrilişlərin baş verdiyi ölkələrdən 16-sı keçmiş Fransa koloniyalarıdır. Çevrilişdən təsirlənən Afrika ölkələrinin 61 faizi də keçmiş Fransa koloniyalarıdır. 1768-ci ildən Fransa Korsikanı zəbt edib, Korsika xalqının milli azadlıq hərəkatını qan içində boğub”.
Ç.Qənizadə bugünlərdə Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına Prezident İlham Əliyevin ünvanladığı müraciətdən bəzi məqamları da xatırladıb: “Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur”.
Bu cür dəhşətli cinayətlər, soyqırımı törətmiş, işğalçılıq siyasəti yeridən Fransa indi də gözünü Cənubi Qafqaza dikib və Ermənistan vasitəsilə çirkin əməllərini həyata keçirmək istəyir. Ancaq bu dəfə istəyinə nail ola bilməyəcək. Ermənistan anlamalıdır ki, barışın, sülhün kökləri nə Parisdədir, nə də Vaşinqtonda. Bu, Azərbaycandadır!”. (AZƏRTAC)