Bütün xüsusi təyinatlıları təbrik edən, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar arzulayan polkovnik deyib: “Heç kimə sirr deyil ki, Azərbaycan Ordusunda Xüsusi Təyinatlı Qüvvələr özünəməxsus çəkiyə və əhəmiyyətə malikdir. Hələ 2016-cı ilin Aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələr yüksək döyüş hazırlığına malik olduqlarını sübut ediblər. Həmin döyüşlərdə xüsusi təyinatlılarımız çoxsaylı düşmən hərbi texnikasını və canlı qüvvəsini məhv edib. Onlar düşmənə, sadəcə, hərbi müstəvidə deyil, psixoloji baxımdan da böyük zərbə vurub. Aprel döyüşləri, həmçinin Azərbaycan Ordusunun qüdrətini, onun qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə hazır olduğunu bütün dünyaya göstərib”.
Cəlil Xəlilov vurğulayıb ki, qırx dörd günlük Vətən müharibəsində isə Xüsusi Təyinatlı Qüvvələr tarix yazıb. Bir tək Şuşa şəhərinin azad edilməsində xüsusi təyinatlıların göstərdiyi qəhrəmanlıq onların qazanılan qələbəyə hansı miqyasda töhfə verdiyini göstərmək baxımından kifayətdir. Xüsusi Təyinatlı Qüvvələr düşmənin canına elə qorxu salıb ki, bir sıra döyüşlərdə işğalçı erməni əsgərləri sonadək müqavimət göstərmədən silahlarını atıb qaçıb. Onlar bəzi hallarda öz yaralılarını, cəsədlərini belə götürmədən döyüş yerindən uzaqlaşır, canlarını xilas etməyə çalışıblar. Bütün bu faktlar Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsində necə böyük fədakarlıq sərgilədiyini göstərir.
“Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xüsusi təyinatlıların sayının artırıldığını, bu prosesin gələcəkdə də davam edəcəyini bildirib. Bu faktın özü Ali Baş Komandanın xüsusi təyinatlı hərbçilərimizə, onların igidliyinə necə böyük önəm verdiyini göstərir. Azərbaycan xalqı sizinlə fəxr edir!”, - deyə C.Xəlilov vurğulayıb. (AZƏRTAC)