Bu fikirləri Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, bu gün baş verən mina partlayışı Azərbaycan ilə Ermənistan arasındakı sülh danışıqlarını pozmağa hədəflənib. Görünür, ABŞ-dan ard-arda bir neçə qonağın Bakıya, ardından İrəvana getməsi, sülh müqaviləsinin imzalanmasının zəruriliyi ilə bağlı fikirləri regionda sabitliyi istəməyən qüvvələr tərəfindən bəyənilməyib. Həmçinin Nikol Paşinyanın həftənin əvvəlində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdiyi açıqlama, onun Qarabağın müstəqilliyi və ya Ermənistanın ərazisinə daxil olması kimi iddiaları kənara qoyaraq ərazi bütövlüyünə vurğu etməsi, həm Hayastan daxilində, həm də bəzi qüvvələr tərəfindən birmənalı qarşılanmayıb. Bu açıqlamanın ardından Qarabağ separatçılarının “biz müstəqil respublikayıq” kimi əsassız bəyanat vermələri, bu gün isə Şuşa yoluna mina qoymaları Azərbaycan Ordusuna antiterror əməliyyatı keçirməyə tam əsas verir.
“2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması qeyd edilmişdi. Hazırda Azərbaycanın ərazi bütövlüyü separatçılar tərəfindən pozulur. Belə olan halda havadan dəqiq zərbələrlə və yerüstü hesablamış hücumlarla hər cür əməliyyatın keçirilməsi Azərbaycanın legitim hüququdur. Bu hadisələr Qarabağın dağlıq hissəsinin Azərbaycan qanunvericiliyinə inteqrasiya olmasının qarşısını ala bilməz. Buna heç kim mane ola bilməyəcək. Bölgədəki status-kvonun gələcəyə saxlanılmasında maraqlı olanlar isə bu gedişlə Azərbaycandakı nüfuzlarına böyük zərbə vurmuş olurlar. Əminəm ki, həmin qüvvələr bəzi qonşu ölkələrlə bağlı yanlış strateji addımlar və proqnozlarda olduğu kimi, Azərbaycanla bağlı da yanlış manevrdən istifadə edirlər.
Doğrudan da həmin dairələr hesab edirlər ki, vəziyyət daha 30 il belə qala bilər? İstəkləri nədir? Regionda qalmaq? Bu, mümkündür. Amma bu yolla yox. Region dövlətləri üçün mehriban qonşu və sabit vəziyyətin hökm sürdüyü bölgə daha vacib olmalıdır”, - deyə Z.Məmmədov vurğulayıb.
Azərbaycanın maraqlarının və haqlı tələblərinin nəzərə alınmasının vacibliyini vurğulayan politoloq bildirib ki, əks təqdirdə, Azərbaycan hərbi bazalarla və bir sıra digər məsələlərlə bağlı baxış bucağına yenidən göz gəzdirə bilər. Bu və ya digər halda bütün məsuliyyət Ermənistanın rəhbərliyinin üzərinə düşür. Nikol Paşinyan bağlı qapılar arxasında, ələlxüsus Qərb diplomatları ilə görüşərkən özünü Qarabağ ermənilərindən kənar tutmağa çalışsa da, əslində bununla məsuliyyəti üzərindən atmağa cəhd göstərir. Çünki Qarabağ separatçılarına minalar və silahlar məhz Ermənistan ordusu tərəfindən göndərilir. Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı videolardan da bir daha bəlli olur ki, hazırda Ermənistan qeyri-qanuni alternativ torpaq yollarla Qarabağdakı separatçıları silahlarla təchiz edir. (AZƏRTAC)